ŞƏHİDLƏRİMİZİN VƏTƏNPƏRVƏRLİK YOLUNA HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB
Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsi Pedaqogika kafedrasının təşkilatçılığı ilə fakültənin şəhid məzunu Əsəd Əsədovun xatirəsinə həsr olunmuş “Şəhidlərimizin vətənpərvərlik yolu” adlı tədbir keçirilib. Tədbirdə Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini, kafedra müdirləri, Əsəd Əsədovun ailə üzvləri, müəllimlər və magistrantlar iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib, vətənimizin azadlığı yolunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra 44 günlük Vətən müharibəsi zamanı ölkə başçısı İlham Əliyevin xalqa müraciətini və çıxışlarını əks etdirən video çarx nümayiş etdirilib, Sosial elmlər və psixologiya fakültəsinin şəhid məzunu Əsəd Əsədovun həyat yoluna həsr olunmuş slayd tədbir iştirakçılarının diqqətinə təqdim edilib. 2020-ci il sentyabrın 21-də Azərbaycan Respublikasının ərazi bütövlüyünü bərpa etmək, vətən torpaqlarını mənfur düşmənin tapdaqlarından azad etmək üçün könüllü olaraq ordu sıralarına qatılan Əsəd Əsədov 2020-ci il oktyabr ayının 12-də Füzulinin azad edilməsi uğrunda gedən gərgin döyüşlərdə snayper gülləsindən yaralanaraq şəhidlik zirvəsinə ucalıb.
Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova fakültənin şəhid məzunu Əsəd Əsədovun timsalında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsinin daim uca tutulmasını hər bir azərbaycanlının mənəvi borcu hesab edib. Dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıdan danışıb, müntəzəm olaraq Sosial elmlər və psixologiya fakültəsində şəhid məzunlarının anım tədbirlərinin təşkil edildini bildirib. Bu cür tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsində əvəzsiz rol oynadığını qeyd edib.
Daha sonra Pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova çıxış edərək bildirib ki, Ali baş komandan İlham Əliyevin cəsarətli addımları və Əsəd Əsədov kimi minlərlə igid əsgərimizin şücaəti sayəsində 44 gün davam edən müharibədə qələbəmiz təmin edilib. L.Qasımova daha sonra Əsəd Əsədovun tələbəlik illərindən danışıb, ona dərs demiş müəllimlər məzunumuz haqqında xatirələrini dilə gətiriblər.
Pedaqogika kafedrasının professoru Nübar Muxtarova Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin qəhrəmanlıq zirvəsinə ucalmasında onlara dərs demiş müəllimlərin xüsusi rolu olduğunu qeyd edib. O, bildirib ki, tələbələrin mənəvi cəhətdən püxtələşməsində, onların əxlaqi və vətənpərvərlik ruhunda tərbiyə edilməsində müəllimlərin böyük əməyi olub. N.Muxtarova Əsəd Əsədovun ailə üzvlərinə təşəkkür edib, el yolunda, vətən naminə özünü fəda edən qəhrəmanların xatirəsinin daim uca tutulacağın bildirib.
Pedaqogika kafedrasının dosenti, şəhid Aydın Manerovun həyat yoldaşı Gülarə Kərimova bütün şəhid ailələrinə dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğıdan danışıb. O, təkbaşına övlad böyüdən şəhid xanımlarının üzərinə böyük məsuliyyət düşdüyünü, Əsəd Əsədovun həyat yoldaşı Ülkər Əsədlə eyni taleni yaşadığını söyləyib və şəhid xanımına üç övlad tərbiyə etdiyinə görə minnətdarlığnı bildirib.
Daha sonra şəhid Əsəd Əsədovun xanımı Ülkər Əsəd həyat yoldaşının anım gününə həsr edilmiş tədbirin təşkilinə və bu tədbirə dəvət edildiyinə görə Bakı Dövlət Universiteti və fakültə rəhbərliyinə, o cümlədən Pedaqogika kafedrasının professor-müəllim heyətinə minnətdarlığını bildirib. Tədbirdə üç övladı ilə birlikdə iştirak etməyi özünün mənəvi borcu hesab edən Ülkər Əsəd həyat yoldaşının döyüş yolu haqqında məlumat verib, onun xatirəsinə həsr etdiyi şeirlər kitabını Pedaqogika kafedrasına bağışlayıb.