“Səhiyyədə gender” mövzusuna aid ustad dərsi keçirilib
Respublikanın tanınmış psixiatrı Tamilla Axundova Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində psixologiya ixtisasında təhsil alan tələbələrə səhiyyədə gender problemləri mövzusunda ustad dərsi keçib. Sosial elmlər və psixologiya fakültəsinin Gender və tətbiqi psixologiya kafedrasının müdiri Rəna İbrahimbəyova və fakültənin Sosial məsələlər üzrə dekan müavini Nəzakət Kərimova dərs prosesində iştirak ediblər.
Bakıda mühəndislər və həkimlər ailəsində dünyaya gələn Tamilla xanım Tibb Universitetini bitirdikdən sonra 30 il həkim-psixiatr kimi fəaliyyət göstərib. Ömrünün 18 ilini Tibb Universitetinin Psixiatriya kafedrasına rəhbərlik etməklə keçirib. Klinik Psixiatriya Xəstəxanasında şöbə müdiri, bir qədər sonra isə xəstəxanada baş həkim kimi çalışan T.Axundova tibb və psixiatriya sahəsində elmi məqalələrlə çıxış etməklə yanaşı, dövrü mətbuatda “Sona” təxəllüsü ilə lirik şeirlərlə çıxış edib. Elmi fəaliyyəti ilə yanaşı, bədii yaradıcılıq sahəsində də bir sıra uğurlara imza atan Tamilla xanım 2002-ci ildən Azərbaycan, 2016-cı ildən isə Rusiya Yazıçılar İttifaqının üzvü seçilib. “Qızıl qələm” və “Azərbaycan bayrağı” mükafatlarına layiq görülən Tamilla xanım universitet tələbələrinə “Səhiyyədə gender” mövzusunun psixi norma və psixi pozuntulara aid problemləri haqqında maraqlı məlumatlar verib, tələbələrin problemlə bağlı çoxsaylı suallarını cavablandırıb. Ustad dərsi zamanı Tamilla xanım zəngin elmi-təcrübi fəaliyyəti nəticəsində topladığı bilikləri əsasında tələbələrə söylədiyi mühazirə dinləyicilər tərəfindən diqqətlə dinlənilib və maraqla qarşılanıb.