Şəxsiyyət, Cəmiyyət və Dövlət XXI əsrdə: Qlobal Çağırış
BDU-da “Şəxsiyyət, Cəmiyyət və Dövlət XXI əsrdə: Qlobal Çağırışlar və İnkişaf Perspektivləri” mövzusunda beyəlxalq konfrans
Bakı Dövlət Universitetində (BDU) Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik Yubileyinə həsr olunmuş “Şəxsiyyət, Cəmiyyət və Dövlət XXI əsrdə: Qlobal Çağırışlar və İnkişaf Perspektivləri” mövzusunda sosial elmlər üzrə beynəlxalq fənlərarası elmi konfransı keçirilir.
Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bakı Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov konfransı giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamlayıb və konfransın işinə uğurlar arzu edib. Fərda İmanov 2023-cü ilin Heydər Əliyev ili elan edilməsi ilə əlaqədar olaraq Bakı Dövlət Universitetində keçirilən silsilə tədbirlər içərisində Sosial elmlər və psixologiya fakültəsinin təşkil etdiyi beynəlxalq konfransın xüsusi yeri olacağına əminliyini ifadə edib. F.İmanov beynəlxalq konfransın beynəlxalq müəllimlər gününə təsadüf etdiyini bildirərək, tədbirdə iştirak edən elm və təhsil işçilərini bu münasibətlə təbrik edib.
Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov çıxış edərək bildirib ki, ölkəmizin bu gün dünya üçün siyasi, iqtisadi, sosial və mədəni cəhətdən həqiqi maraq kəsb etməsi, onun Cənubi Qafqazda sözün əsil mənasında güc mərkəzinə çevrilməsi gələcək inkişaf üçün regionda və qlobal aləmdə baş verən proseslərin və mövcud problemlərin ciddi elmi təhlilini, izahını və perspektivlərininin müəyyənləşdiriliməsini zəruri edir. Bütün bunlar Azərbaycan cəmiyyətinin inkişaf prosesləri fonunda daha da aktuallıq kəsb edir. O, daha sonra qeyd edib ki, konfransın keçirilməsində əsas məqsəd sosial elmlərin bütün istiqamətləri üzrə aktual problemlərin müzakirəsi, qarşılıqlı təcrübə mübadiləsi, müxtəlif ölkələrin alim və tədqiqatçılarının araşdırmalarının nəticələrinin məruzə edilməsi, fikir mübadiləsinin aparılması, onların geniş beynəlxalq elmi auditoriyaya çatdırılması və bundan sonra davamlı olaraq elmi əlaqələri genişləndirmək və qarşılıqlı fəaliyyətləri davam etdirməsidir.
Konfransın plenar iclasında BDU-nun Sosiologiya kafedrasının müdiri Rəfail Həsənov, Türkiyə Böyük Millət Məclisi, Millət Vəkili Şamil Ayrım, Azərbaycan Respullikasının, Milli Məclisi, Millət Vəkili, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, filologiya elmləri doktoru, professor Nizami Cəfərov, Azərbaycan Respullikasının Milli Məclisi, Millət Vəkili Zahid Oruc, Şimali Kipr Türk Respublikasının Ankaradakı səfirliyinin Təhsil və Mədəniyyət Attaşesi Ahmet Arslan, Türkiyə Respublikasının Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın müşaviri Aygün Attar, TRT-nin Baş müxbiri, sosioloq-alim Aysel Sadak İltaş, Sülh Mədəniyyəti İnstitutunun (UNESCO) rektoru Engel Rizakoviç Tagirov, Sorbonna Universitetinin fəxri professoru Albert Fişler, Hacettepe Universitetinin Ədəbiyyat fakultəsinin Sosiologiya Bölümünün professoru Aylin Baran, Mirzo Uluqbek adına Özbəkistan Milli Universitetinin İctimai elmlər fakültəsinin Fəlsəfə və mənəviyyat əsasları kafedrasının müdiri Niginahon Şermuhamedova, Gürcüstan Texniki Universitetinin Hüquq və Beynəlxalq Münasibətlər fakültəsinin Beynəlxalq Münasibətlər kafedrasının professoru Valeri Modebadzenin çıxıları dinlənilib.
Beynəlxalq konfransın panel müzakirələrində müasir dövrdə şəxsiyyət və cəmiyyət münasibətlərinin tənzimlənməsi, XXI əsrdə dövlətin inkişaf meylləri və problemləri, qloballaşma şəraitində mədəniyyət, elm və təhsilin yeri və rolu məsələləri müzakirə olunur.
Beynəlxalq konfransda 19 xarici ölkədən 120 alim və tədqiqatçı, o cümlədən bir çox akademik, bir neçə ali məktəb rektoru, attaşelər iştirak edir. Hibrid qaydada keçirilən Beynəlxalq fənlərarası elmi-praktik konfransda 40 xarici ölkə tədqiqatçısı müzakirələrə canlı şəkildə, onlardan 60 nəfəri isə onlayn qaydada qatılır.
Konfrans 6 oktyabr tarixində də davam edəcək.