ŞƏXSİYYƏT POZUNTULARI HAQQINDA USTAD DƏRSİ KEÇİRİLİB

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Psixologiya kafedrasının təşkilatçılığı ilə Ustad dərsi keçrilib. Tələbə İnkişaf Mərkəzində keçirilən Ustad dərsində “Medera” klinikasının baş həkimi, psixiatr, tibb elmləri doktoru, professor Araz Əliquliyev “Şəxsiyyət pozuntuları: tarix, təsnifat, epidemiologiya və klinika” mövzusunda geniş məruzə ilə çıxış edib.
Ustad dərsində Psixologiya kafedrasının müdiri Səxavət Əliyeva, kafedranın professor-müəllim heyəti, həmçinin “Klinik psixologiya” ixtisası üzrə təhsil alan magistr və bakalavr tələbələri iştirak ediblər. Məruzəçi çıxışı zamanı şəxsiyyət pozuntularının formalaşma tarixi, müxtəlif dövrlərdə bu anlayışa yanaşma tərzləri və müasir psixiatriya və klinik psixologiyada istifadə olunan təsnifat sistemləri haqqında ətraflı məlumat verib.
Professor Araz Əliquliyev öz çıxışında şəxsiyyət pozuntularının əsas diaqnostik meyarları, onların klinik xüsusiyyətləri, yayılma göstəriciləri və epidemioloji aspektləri barədə də danışmış, bu pozuntuların insanın sosial münasibətlərinə, davranışına və psixoloji vəziyyətinə təsirini izah edib. Eyni zamanda bu sahədə aparılan müasir tədqiqatlar, diaqnostika və müalicə yanaşmaları haqqında məlumat verilib.
Tədbirin sonunda A. Əliquliyev tələbələr və iştirakçılar tərəfindən ona mövzu ilə bağlı ünvanlamış sualları cavablandırmaqla yanaşı, praktiki nümunələr əsasında əlavə izahlar verib.
Ustad dərsi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb, tələbələr üçün həm nəzəri, həm də praktiki baxımdan faydalı olub.