SOSİAL ELMLƏR VƏ PSİXOLOGİYA FAKÜLTƏSİ İLƏ BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ İQTİSADİYYAT FAKÜLTƏSİNİN BİRGƏ ELMİ SEMİNARI KEÇİRİLİB

Sosial elmlər və psixologiya fakültəsi ilə Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin birgə elmi seminarı keçirilib. Seminarda Fəlsəfə kafedrasının dosenti Hüseyn Məmmədov “Siyasət fəlsəfəsinin müasir paradiqmaları” mövzusunda, Politologiya və sosiologiya kafedrasının dosenti Mehman Həsənov “Fəlsəfə və siyasi elmlərin aktual problemləri” mövzusunda məruzə ilə çıxış edib. H.Məmmədov çıxışında siyasi fəlsəfənin tarixi inkişaf mərhələləri, dövlətin yaranması və müasir siyasi nəzəriyyələrin çağdaş problemlərə yanaşma tərzi barədə geniş elmi mülahizələrini təqdim etib. Məruzəçi həmçinin çıxışında dövlətin yaranması ilə bağlı müxtəlif nəzəriyyələrə toxunaraq, bu konsepsiyaların müasir dövrdə tətbiq imkanlarını seminar iştirakçılarının diqqətinə çatdırıb.
Mehman Həsənov çıxışında fəlsəfənin mövcud cəmiyyətə təsiri, siyasi elmlərin qlobal tendensiyalar fonunda yeni yanaşma tələbləri və şəffaf idarəetmə prinsiplərinin zəruriliyi kimi mövzulara toxunub. O, siyasi elmlərdə yeni metodoloji yanaşmaların vacibliyini vurğulayaraq, bu sahədə aparılan araşdırmaların ictimai rəyə və siyasi qərar qəbul etmə prosesinə təsirini şərh edib.
Daha sonra mövzu ətrafında müzakirələr davam edib. İştirakçılar qloballaşma, texnoloji inkişaf və müasir siyasi çağırışlar fonunda siyasi fəlsəfənin yenidən dəyərləndirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin iştirakçılar tərəfindən tədbirin fakültələrarası elmi və analitik yanaşmaların qarşılıqlı mübadiləsi üçün mühüm platforma kimi dəyəri qeyd edilib.
Seminar iştirakçılar tərəfindən maraqla qarşılanıb və geniş diskussiya aparılmasına təkan verib. Sonda seminar iştirakçıları konkret mövzular ətrafında hər iki fakültənin iştirakı ilə aparılmasının ənənəyə çevrilməsinin məqsədəuyğun olması istiqamətində fikir mübadiləsi ediblər.