Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasında növbəti elmi seminar keçirilib
BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasında növbəti elmi seminar keçirilib. Elmi seminarda BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin baş müəllimi Fuad Qurbanov “Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsi və fəlsəfə elminə yeni baxış” mövzusunda çıxış edib.
Fuad Qurbanov L.Zadə nəzəriyyələrinin başqa nəzəriyyələrdən fərqini və üstünlüyünü nümayiş etdirmək üçün onun bəzi əsas anlayışlarının təhlilini verərək fəlsəfi mahiyyətini izah edib. Bu nəzəriyyələrin insan təfəkkürünün öyrənilməsi və modelləşdirilməsi istiqamətlərində əhəmiyyətini vurğulayıb. Çıxışda qeyri-səlis və Aristotel məntiqləri müqayisəli surətdə təhlil edilib və onların fərqli cəhətləri göstərilib. Eyni zamanda imkan və ehtimal arasındakı fərqli cəhətlər də müəyyən edilib. İkinci növ qeyri-səlis çoxluqların üstün cəhətləri və modelləşdirmə prosesində daha böyük imkanlara malik olması haqqında məlumatlar verilib. Lütfi Zadə yaradıcılığında böyük əhəmiyyət daşıyan uyuşmazlıq prinsipi və Z ədədləri barədə təhlillər aparılıb.
Lütfi Zadənin qeyri-səlis çoxluqlar nəzəriyyəsinin süni intellektin yaradılması istiqamətində əhəmiyyəti, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin fəlsəfi mahiyyəti və tətbiqləri müzakirə edilib. İnsan təfəkkürünün qeyri-səlis məntiq və qeyri-səlis çoxluqlar vasitəsi ilə approksimasiya edilməsinin əhəmiyyəti faktlarla nəzərə çatdırılıb. Elmi seminarda kafedranın əməkdaşları Arif Tağıyev, Azər Allahverdiyev məruzəçiyə suallar verərək müzakirədə öz fikirlərini bildiriblər.