IV kurs tələbələri Buraxılış işlərinin müdafiəsini edib
Bakı Dövlət Universitetinin Sosial iş ixtisası üzrə bakalavr 4-cü kurs tələbələrinin buraxılış işlərinin müdafiəsi keçirilib. Müdafiə prosesində Buraxılış İşlərinin Müdafiə Komisiyasının sədri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini Anar Kərimov iştirak edib. Buraxılış İşlərinin Müdafiə Komisiyasının sədr müavini, Sosial iş kafedrasının müdiri dosent Üzeyir Şəfiyev məruzə edərək bildirib ki, 22 tələbə buraxılış işlərini uğurla yerinə yetirərək müdafiəyə təqdim ediblər. Tələbələrimizin nazirliyin müvafiq strukturlarında tədris təcrübəsində olmaları da işin uğurla yerinə yetirilməsinə öz töhfəsini verib. Tələbələr emprik və nəzəri araşdırmalarla zəngin tədqiqatlarını təqdim ediblər. Hər üç bölmədə təhsil alan tələbələrin yüksək dil bilgiləri, tədqiqat bacarıqları, uğurlu ümumiləşdirmələri, innovativ və kreativ düşüncə sərgiləmələri, eləcə də prezentasiyaları Komissiya sədrinin böyük marağına səbəb olub. Komissiyanın sədri Anar Kərimov sonda məzunlara tövsiyyələrini çatdırıb, ümidvar olduğunu bildirib ki, sosial iş məzunları əldə etdiyi nəzəri və praktik bilgilər sayəsində ölkəmizdə sosial rifah, dövlət quruculuğuna öz töhfələrini verəcək, vətəndaşların layiqli sosial xidmətlə təmin olunması sahəsində səriştə, bilik və bacarıqlarını nümayiş etdirəcəklər. Sosial iş kafedrasının müdiri dosent Üzeyir Şəfiyev sonda müdafiə komisiyasının sədri Anar Kərimova sosial iş ixtisasında təhsil alan tələbələrin təhsilinin təşviqi, təşkilinə verdiyi dəstəyə görə, sosial iş təhsili ilə sosial xidmət sektorunun inteqrasiyasına yardım etdiyinə görə təşəkkür edib. Daha sonra məzunlarla xatirə şəkilləri çəkilib. Məzunlarımızı təbrik edir, onlara cəmiyyət və dövlət həyatında gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.