SOSİOLOGİYA KAFEDRASININ DOSENTİ QƏRBİ AZƏRBAYCAN İCMASI BARANA RAYON QADINLAR ŞURASININ SƏDRİDİR

“Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyi 1989-cu ildən fəaliyyətə başlayıb. Birlik, Qərbi Azərbaycan qaçqınlarının problemləri ilə məşğul olan və 1988-1991-ci illərdə qaçqın düşən azərbaycanlılar barədə faktların və sənədlərin toplandığı və saxlandığı yeganə ictimai qurum olub. 2022-ci il avqustun 3-də İctimai Birliyin adı dəyişdirilərək “Qərbi Azərbaycan İcması”na çevrilib, İcmanın yeni Nizamnaməsi təsdiq olunub. Qeyd edək ki, Qərbi Azərbaycana qayıdış konsepsiyasının həyata keçirilməsi uğrunda fəaliyyəti daha da gücləndirmək məqsədilə İcma rəhbərliyi tərəfindən rayonlar üzrə ayrıca struktur bölgüsü yaradılıb, Ağsaqqallar və Qadınlar Şurasına, Gənclər Birliyinə sədrlər təyin edilib. Qərbi Azərbaycana Qayıdışla bağlı sənədlərin toplanılması, gənclərin bu sahədə maarifləndirilməsi, indiyədək gizli qalmış məlumatların araşdırılaraq üzə çıxarılması və ictimaiyyətə çatdırılması məsələləri sözügedən birliklər tərəfindən həyata keçirilir. QAİ-nin adları çəkilən struktur bölmələri həmçinin ermənilər və ermənipərəst qüvvələrin yaydıqları dezinformasiyanı tarixi faktlar əsasında ifşa etmək, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, Qərbi Azərbaycan İcmasına qarşı törədilən cinayətlərin yerli və dünya mətbuatında işıqlandırılması kimi vəzifələri uğurla həyata keçirməkdədirlər.
Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsi Sosiologiya kafedrasının dosenti Yaqut Əliyeva 24 dekabr 2023-cü ildə Qərbi Azərbaycan İcmasının Barana rayon Qadınlar Şurasının sədri təyin edilib. Y.Əliyeva həmin vaxtdan etibarən QAİ-nin aidiyyatı tədbirlərində aktiv fəaliyyət göstərir. Yaqut xanıma fəaliyyətində uğurlar arzu edirik!