SOSİOLOGİYA KAFEDRASININ MÜƏLLİMİNİN DÖRD DİLDƏ KİTABI DƏRC OLUNUB

Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya kafedrasında sosioloq İlham Həsənzadənin "Sosial struktur və sosial stratifikasiya" kitabının təqdimatı keçirilib. Kitabın təqdimat mərasimində Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov, Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova, Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova, Süni intellekt etikası kafedrasının müdiri Rafiq Ələkbərov, Sosiologiya kafedrasının dosenti Hörmət Cavadova iştirak ediblər.
Fakültə dekanı Rövşən Cavadov çıxış edərək dörd dildə (Azərbaycan, rus, ingilis, türk) çap olunmuş “Sosial struktur və sosial stratifikasiya” kitabının müəllifinə uğurlar arzulayıb. Daha sonra Sosiologiya kafedrasının müdiri Rəfail Həsənov çıxış edib. O, bildirib ki, “Sosial struktur və sosial stratifikasiya” kitabının elmi redaktoru olub. Kafedra müdiri daha sonra deyib: “İlham Həsənzadə dörd dildə dərc etdirdiyi kitabında sosial struktur və sosial stratifikasiya anlayışlarının hərtərəfli elmi-nəzəri izahını verib, sosial təbəqələşmənin formaları, sosial status və rollar, sosial hərəkətlilik, peşə və iqtisadi stratifikasiya, gender və demoqrafik amillərin sosial strukturda rolu, eləcə də qloballaşma və texnologiyanın stratifikasiya proseslərinə təsiri kimi mövzuları ardıcıl və məntiqi şəkildə təhlil edib”.
Kitabın təqdimat mərasimidə çıxış edən kafedra müdirləri və Sosiologiya kafedrasının professor-müəllim heyəti gələcək elmi fəaliyyətində İlham Həsənzadəyə uğurlar arzu ediblər.