SOYUQ İQLİM ŞƏRAİTİ KÖNÜLLÜ GƏNCLƏRİ QORXUTMUR
Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən dinc aksiyada Sosial elmlər və psixologiya fakültəsinin bir qrup tələbəsinin fəal iştirak etdiyi haqqında məlumat vermişdik. Artıq bir aya yaxın davam edən aksiyaya davamlı olaraq qatılan tələbələrimizdən biri də Rufiz Quliyevdir. O, Fəlsəfə ixtisası üzrə I kurs tələbəsidir.
Əslən Cəbrayıldan olan Rufiz bir neçə ay əvvəl fakültəmizdə “Cəbrayıl günü”nə həsr edilmiş tədbirdə çıxış etmiş və tədbir iştirakçılarını öz hərarətli nitqi ilə riqqətə gətirmişdi. Üzünü görmədiyi Qarabağın əsrarəngiz təbiətindən, mehriban və qonaqpərvər camaatından ürəklə danışmışdı. O, həm də I Qarabağ Müharibəsində şəhid olmuş 20 yaşlı əmisi Rufiz Quluzadənin döyüş yolu haqqında tədbir iştirakçılarına məlumat vermiş, əmisinin adını daşıdığını söyləmişdi. Bu adı daşımağın qürurverici və məsuliyyətli bir iş olduğunu qeyd edən Rufiz müəllimləri və tələbə yoldaşlarının qarşısında əmisi kimi vətənpərvər olacağına, onun nakam qalmış arzularını davam etdirəcyinə söz vermişdi. Cəmi bir neçə ay əvvəl böyük ümid və həvəslə Cəbrayıla dönəcəkləri günü gözlədiyini və doğma ata yurdunda aparılan böyük quruculuq işlərində iştirak etmək arzusunda olduğunu ifadə etmişdi.
R.Quliyev Qarabağda ermənilər tərəfindən faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz edənlərin sırasına ilk qoşulan könüllü tələbələrimizdən biri oldu. Artıq 23 gündürki, o, Şuşadadır. Uzun illər vətən həsrəti ilə alışıb-yanan valideynləri Rufizi Şuşaya böyük sevinc hissi ilə yola salıblar. Onların fikrincə, Şuşaya getmək, dinc aksiyada iştirak etməyin özü də vətənə xidmətin bir növüdür.
Bizimlə söhbətində R. Quliyev aksiyaya qatıldığı ilk gündən gənclərin qorxmazlığının və öz məqsədlərindən dönməzliyinin bir an belə dəyişmədiyini söylədi. Bildirdi ki, əhval-ruhiyyələri ilk gündəki kimi yüksəkdir. Hər günü dövlət himnini ifa edərək açan könüllülər vətənin keşiyində dayanan əsgərlərimizə “Ən böyük əsgər bizim əsgər”, polislərimizə “Mənim polisim məni qoruyur” sloqanları ilə öz təşəkkürlərini bildirir və müntəzəm olaraq ekoloji cinayətə qarşı haqq səslərini dünyaya çatdırmaq üçün üç dildə şüarlar səsləndirirlər.
Şuşada olan gənclərin əksəriyyəti kimi Rufizin də Qarabağa ilk səfəridir. Deyir ki, bu ilk görüşə birbaşa Qarabağın tacı - Azərbaycanın incisi Şuşadan başlamağın ayrıca bir ləzzəti var. “Burda həm Vətən Müharibəsindəki Böyük Zəfər Yolunun zirvəsini görüb fəxr və qürur hissi yaşayırıq, həm də tarixi şəhərimizin yenidən qurulmasına öz gözlərimizlə şahidlik edirik”.
Yeganə məqsədləri Qarabağdakı ekoloji cinayətə son qoymaq olan könüllü tələbələr və ekofəallarla bir yumruq kimi birləşdiklərini deyən Rufiz Dünya Azərbaycanlılarının Həmrəylik Gününü Şuşada birlikdə qeyd etməklərini həyatının ən əvəzolunmaz anı hesab edir.
R.Quliyevlə söhbət edərkən bildirdi ki, Şuşada hava dəyişkəndir. Bir anda hər tərəfi bürüyən duman və yaxud ani yağan qar Şuşa üçün səciyyəvi olan iqlim xüsusiyyətlərindəndir. Bir neçə gün öncə könüllüləri günəşli səması ilə qarşılayan Şuşa gənc vətənpərvərləri indi öz qarlı təbiəti ilə bərkə-boşa salmaq istəyir. “Lakin hava şəraitinin kəskin dəyişməsi bizdə ruh düşkünlüyü yaratmır, əksinə mövqelərimizi daha da gücləndirmək üçün stimul verir”.
Ekoaktivistlərin səsləndirdikləri “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır” şüarında deyildiyi kimi, könüllülər və ekoaktivistlər bir an belə öz mövqelərindən geri çəkilməmiş, tələblərinin yerinə yetirilənə qədər belə davam edəcəklərinə söz veriblər.