Şuşa ili çərçivəsində tədbir keçirilib
Sosial elmlər və psixologiya fakültəsində “Şuşa ili” çərçivəsində keçirilən silsilə tədbirlər davam edir. “Şuşa keçmiş və bu günün prizmasından” adlı növbəti tədbir fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimovanın təşkilatçılığı ilə keçirilib. Tədbirdə fakültənin müxtəlif ixtisasları üzrə təhsil alan tələbələr iştirak ediblər.
Fəlsəfə ixtisasının 4-cü kurs tələbəsi Leyla Məcidova Qarabağ xanı İbrahimxəlil xanın qızı, incə ruhlu Azərbaycan xanımı Ağabəyim ağa haqqında tədbir iştirakçılarına məlumat verib, onu yurduna, elinə vurğun bir şairə kimi təsvir edərək, xan qızının faciəli taleyindən söz açıb.
Fəlsəfə ixtisanın II kurs tələbələri Zaur Məmmədli, Havva Məmmədova, Bəhruz Əliyev, Elmira Axundova, Sahibə Paşazadə 90-cı illərin əvvəllərində Şuşada cərəyan edən qanlı hadisələrdən danışaraq, onun işğal tarixini kədərlə xatırlayıblar.
Daha sonra Psixologiya ixtisasının 3-cü kurs tələbəsi Sevinc, Şuşa çıxış edərək daşıdığı soyadın yaranma tarixindən bəhs edib. Şuşayevlər nəslinin davamçısının sözlərinə görə, hazırda bu soyadı 100-ə yaxın insan daşıyır. Bir vaxtlar Şuşada doğulan və Lənkərana gəlin köçən Şuşa nənə doğma yurd yerini heç vaxt yaddan çıxarmayıb, öləndə də övladlarına vəsiyyət edib ki, Şuşa adını soyad kimi götürsünlər. Şuşayevlər nəsli hamılıqla bu vəsiyyətə əməl edib, bu adı əbədi olaraq yaddaşlarına həkk ediblər.
Çıxışçıların fikirləri və nümayiş etdirilən slaydlar tədbir iştirakçılarının böyük marağına səbə olub.