SXEM TERAPİYA MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsi Sosial və pedaqoji psixologiya kafedrasının saathesabı müəllimi Şəbnəm Əşrəfzadə “Sxem terapiya” mövzusunda təlim keçib. Təlimin keçirilməsində məqsəd klassik kognitiv-davranış terapiyasının genişləndirilmiş forması olan sxem terapiya haqqında tələbələrə ətraflı məlumat verməkdən ibarət olub. Bildirilib ki, sxem terapiya əsasən uşaqlıqdan formalaşan mənfi emosional sxemlərin aşkar edilərək dəyişdirilməsinə yönəlir və şəxsiyyət pozuntuları, uzunmüddətli depressiya, emosional disregulasiya və travma sonrası problemlərin aradan qaldırlmasında səmərəli nəticələr verir. Bu terapevtik yanaşma fərdlərin təkrarlanan emosional və münasibət problemlərini anlamağa kömək edir və onlarla daha sağlam yollarla mübarizə aparmaqda mühüm rol oynayır. Bu yanaşma, xüsusilə dərin psixoloji təhlil tələb edən hallarda terapevt və pasient arasında daha güclü və dəstəkləyici bir bağ quraraq uzunmüddətli dəyişikliklərə imkan yaradır. Tədbir tələbələr tərəfindən maraqla qarşılanıb və onları maraqlandıran suallara cavab verilib.