TANINMIŞ ÖZBƏK ALİMİ BDU-DA HƏMKARLARI İLƏ GÖRÜŞÜB
Mirzə Uluqbəy adına Özbəkistan Milli Universitetinin Sosial elmlər fakültəsi “Fəlsəfə və mənəviyyatın əsasları” kafedrasının müdiri Niginaxon Şermuhammedova Fəlsəfə və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanovanın dəvəti ilə Sosial elmlər və psixologiya fakültəsində olub.
“Философия и жизнь” beynəlxalq jurnalının baş redaktoru, Rusiya Fəlsəfə Cəmiyyətinin rəyasət heyətinin fəxri üzvü, əməkdar elm və təhsil işçisi Niginaxon Şermuhammedova həm də “Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti”nin rəyasət heyətinin üzvüdür. Əsasən elmin metodologiyası, elmin fəlsəfəsi, epistemologiya və təhsilin fəlsəfi problemləri üzrə tədqiqatlar aparan N.Şermuhammedova 15-dən çox dərsliyin, iki monoqrafiyanın, 300-dən çox məqalənin müəllifidir.
Filosof, pedaqoq, bir sıra beynəlxalq simpozium və konfransların fəal iştirakçısı, Fəlsəfə elmləri doktoru N.Şermuhammedova Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadovla və fakültədə təhsil alan tələbələrlə görüşüb. Dekan R.Cavadov görüş zamanı tələbələrə bildirib ki, professor Nigina Şermuhammedova Özbəkistanda, eləcə də MDB ölkələrində tanınan alim qadınlardan biridir. O, ontologiya, qnoseologiya, təhsilin fəlsəfəsi, fəlsəfi antropologiya fənlərindən mühazirələr oxumaqla yanaşı, 6 beynəlxalq elmi jurnalın redaksiya heyətinin üzvüdür. Müxtəlif mövzular üzrə keçirilən müzakirələrdə fəal iştirak edən N.Şermuhammedova on beş illik elmi fəaliyyəti dövründə 10-dan çox elmlər namizədinə rəhbərlik edib. Özbəkistanlı alim tələbələrə gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb, müəllifi olduğu dərsliklərdən bir neçəsini fakültə rəhbərliyinə hədiyyə edib.
Daha sonra Sosial elmlər və psixologiya fakültəsinin struktur bölmələri ilə tanış olan alim Fəlsəfə, Sosial iş, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedralarının professor-müəllim heyəti ilə görüşüb. N.Şermuhammedova fakültə alimləri ilə görüşündən böyük məmnunluq hissi keçirdiyini bəyan edib, gələcəkdə azərbaycanlı elm adamlarının Özbəkistan ali məktəblərində görüşlər keçirməsinin əhəmiyyətini vurğulayıb.
N.Şermuhammedova Gender və Tətbiqi psixologiya kafedrasında genderlə bağlı aparılan tədqiqatlarla və nəşr edilən elmi əsərlərlə tanış olub, bu istiqamətdə həyata keçirilən tədqiqat işlərini yüksək qiymətləndirib.
Şermuhammedova Fəlsəfə və mədəniyyətşünaslıq kafedrasında Fəlsəfə, Sosial iş kafedralarında çalışan həmkarlarının iştirakı ilə fəlsəfə və elmin aktual problemlərinə dair müzakirələr aparıb, gələcək əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi edib.
Özbəkistanlı alim səmimi qarşılandığına görə Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadova və Fəlsəfə və mədəniyyətşünaslıq kafedrasının müdiri Rəbiyyət Aslanovaya dərin təşəkkürünü bildirərək, belə görüşlərin davamlı olmasını arzulayıb.