TƏLƏBƏLƏR DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİNDƏ TƏDRİS TƏCRÜBƏSİNDƏ OLUBLAR
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində Fəlsəfə ixtisası üzrə təhsil alan IV kurs tələbələri Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində tədris təcrübəsi keçirlər. Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri Sadiq Mirzəyev və komitənin əməkdaşları tələbələrlə görüş zamanı onlara şöbənin fəaliyyəti ilə bağlı məlumat veriblər. Qeyd edilib ki, şöbə ölkədə dini sahədə tolerantlıq mühitinin qorunması, müxtəlif dini etiqad mənsubları arasında qarşılıqlı hörmət, birgəyaşayış, dözümlülük mühitinin möhkəmlənməsi, eyni zamanda dini xurafat, fanatizm, radikalizm və ekstremizmin, dini zəmində qarşıdurma və ayrı-seçkilik hallarının, digər mənfi təzahürlərin qarşısının alınması istiqamətində maarifləndirmə işinin təşkilini həyata keçirir. Bu məqsədlə vətəndaşların, xüsusilə gənclərin zərərli dini ideologiyaların təsiri altına düşməsinə qarşı müxtəlif formada maarifləndirici tədbirlərin görülməsi istiqamətində fəaliyyət göstərir.
Görüş diskussiya şəklində keçirilib, tələbələri maraqlandıran suallara cavab verilib, Təcrübə rəhbəri Aybala Namazova tələbələrə yaradılan şəraitə, onlara göstərilən səmimi münasibətə və suallarla bağlı verdikləri ətraflı məlumata görə şöbə müdiri Sadiq Mirzəyevə, Komitənin digər əməkdaşlarına təşəkkürünü bildirib.