TƏLƏBƏLƏR SOSİAL TƏDQİQATLAR MƏRKƏZİNDƏ TƏDRİS TƏCRÜBƏSİ KEÇİRLƏR
Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosiologiya ixtisasında təhsil alan IV kurs tələbələri Sosial Tədqiqatlar Mərkəzində tədris təcrübəsi keçirlər. Sosial Tədqiqatlar Mərkəzi beş ilə yaxındır ki, tədris təcrübəsi sahəsində BDU ilə əməkdaşlıq edir.
Sosial Tədqiqatlar Mərkəzi ictimai münasibətlərin inkişaf dinamikasını sistemli təhlil edən, müasir informasiya texnologiyaları və elmi yanaşmalar tətbiq edilməklə ictimai fikrin öyrənilməsi və sosial tədqiqatlar aparılmasını təmin edən, həyata keçirdiyi elmi-analitik təhlilin nəticələrini dövlət orqanlarına təqdim edən publik hüquqi şəxsdir.
STM-in İdarə Heyətinin sədri Zahid Oruc mərkəzdə təcrübə keçən tələbələrlə görüşüb, mərkəz haqqında onlara məlumat verib, onların gələcək planları ilə maraqlanıb. Sədrin iştirakı ilə təcrübə proqramının məqsədi və gözləntiləri ilə bağlı müzakirələr keçirilib.
Təlimçi Aytən Babayeva tələbələri təcrübə proqramının məqsədi və eləcə də təcrübə keçirilən təşkilatın daxili nizam-intizam, təhlükəsizlik qaydaları və təşkilatın fəaliyyət istiqamətləri ilə tanış etmişdir. Tədqiqat sahəsinin xüsusiyyətləri, təhlil sənədlərinin istiqamət və mövzularının seçilməsi haqqında məşğələ keçirilmişdir. Təlimçi Aytən Babayeva və digər təlimçilər təcrübəçi tələbələrə aşağıdakı mövzularda təlimlər keçmişlər: peşəkar mühitdə təcrübə qazanılması; hesabat sənədinin hazırlanması qaydası; dəftərxana və kargüzarlıq işlərinin öyrədilməsi; iş mühitində sənədləşmə prosesi. Bütün bunlar sonrakı prosesdə konkret tədqiqatların aparılması, tədqiqat məlumatlarının işlənilməsi, əldə olunan nəticələrin elmi və praktik baxımdan dəyərləndirilməsinə xidmət edən təlimlərdir. Tələbələr praktik vərdiş və bacarıqlar qazanması və iş prosesində onları zənginləşdirməsi və tətbiq etmələri istiqamətində burada əldə etdikləri peşə bararıqlarından məmnundurlar.