TƏLƏBƏLƏR SOSİAL YÖNÜMLÜ LAYİHƏDƏ İŞTİRAK EDİBLƏR
13 yaşlı autizmli yeniyetmə Sərvət Əhmədin valideyni Şəhla Əhməd Cəmaləddin qızı və İLBS(MMC) təhsil mərkəzi 27.04.2022-ci il tarixində Bakı Dövlət Universitetinin rəhbərliyinə müraciət edib. Məktubda uşağın inkişaf proqramına dəstək məqsədi ilə könüllü tələbələrin cəlb edilməsinə köməkilik göstərilməsi BDU rəhbərliyindən xahiş olunub. Rektorunun göstərişi ilə SEP fakültəsi bu çağırışa cavab verib. Belə ki, müraciət məktubnun icrası məqsədi ilə “İnternational Language MMC And Business Center” tərəfindən keçirilən “Autizm və onunla mübarizə” adlı sosial layihədə iştirak etmək üçün Sosial elmlər və psixologiya fakültəsinin müvafiq ixtisasları üzrə (psixologiya, sosiologiya, təhsildə sosial pedaqoji xidmət) təhsil alan tələbələrin iştirakı təmin edilib.
Layihə çərçivəsində Sərvət Əhmədlə məşğul olmaq üçün dəvət olunan tələbələrlə mərkəz əməkdaşları tərəfindən müxtəlif vaxt aralığında müvafiq işlər aparılıb. Autizmli yeniyetmə ilə praktik olaraq məşğul olma işinə mütəxəssislər tərəfindən nəzarət həyata keçirilib.
Proqramda iştirak edən tələbələrin təlim müddəti üç ay (may, iyun və sentyabr) davam edib. Təlimlər Azərbaycan, Rus və İngilis dillərində aparılıb. Tələbələrlə mərkəz əməkdaşları müntəzəm görüşlər keçirib, müxtəlif dillərdə təhsil alan tələbələrin layihədə səmərəli iştirakının təmin edilməsi məqsədi ilə ayrı-ayrı qruplar yaradılıb. S.N.Kauffman və B.N.Kauffman tərəfindən 70-ci illərdə yazılmış və dünyada geniş tətbiq olunan inkişaf proqramına cəlb olunmuş tələbələr bir ay müddətində autizmlə bağlı nəzəri biliklərə yiyələnib, autizmli şəxslərlə bu və ya digər hallarda düzgün şəkildə çalışma formalarını öyrəniblər. Üç ay davam edən təlim prosesinin son iki ayını tələbələr mütəxəssislərin nəzarəti altında Əhməd Sərvətlə praktik olaraq məşğul olublar.
Sosial yönümlü layihədə iştirak edən SEP tələbələri mərkəzlə müntəzəm əlaqə saxlayıblar. Təlim prosesinin sonunda tələbələrin “İnternational Language MMC And Business Center” mərkəzi ilə əməkdaşlığına həsr olunmuş tədbir keçirilib və təlimlərdə fəal iştirak edən tələbələrə sertifikatlar verilib.
Sonda autizmli yeniyetmənin valideyni və mərkəzin əməkdaşları qısa müddət ərzində onların müraciətinə müsbət cavab verdiyinə görə Universitet rəhbərliyinə, məktubun icrası zamanı yaxından göstərdikləri köməklik üçün Sosial elmlər və psixologiya fakültəsinin rəhbərliyinə dərin minnətdarlığını bildiriblər. Təlim müddətində fərqlənən tələbələrdən bir neçəsinin mərkəzdə işlə təmin edilməsi nəzərdə tutulub.