TƏLƏBƏLƏRİMIZ HƏRBİ QƏNİMƏTLƏR PARKINDA OLUBLAR
Sosial elmlər və psixologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimovanın təşkilatçılığı ilə fakültənin bir qrup tələbə və magistri Hərbi Qənimətlər Parkında olublar. Tələbə gənclər Hərbi Qənimətlər Parkında ermənilərin qoyub qaçdığı atıcı silahları, ağır texnikaları, raket komplekslərini, hərbi nəqliyyatları və digər sursatları maraqla müşahidə ediblər. Onlar Azərbaycan ordusunun darmadağın etdiyi Ermənistan Silahlı Qüvvələrinə məxsus olan tank, "Qrad" qurğuları, top və digər hərbi texnikalarının qalıqlarını böyük qürur hissi ilə seyr ediblər. Tələbə gənclər Hərbi Qənimətlər Parkında yerləşən döyüş postu və əsgər kazarmasına baş çəkib, Azərbaycan əsgərinin qətiyyəti, döyüş hazırlığı ilə bir daha qürur duyduqlarını ifadə ediblər.
Tələbə gənclər Hərbi Qənimətlər parkında Milli Qəhrəman Albert Aqarunovun 1992-ci ildə Şuşada vurduğu tankı böyük qürur hissi ilə seyr ediblər. Məlum olduğu kimi, Milli Qəhrəman Albert Aqarunovun bir atışla içindəki heyətlə birlikdə məhv etdiyi tankı erməni separatçıları sonradan Şuşaya tuşlanmış şəkildə "Qələbə" simvolu kimi qoymuşdular. 23 saat 43 dəqiqə ərzində Müzəffər Azərbaycan Ordusu tərəfindən reallaşan lokal antiterror əməliyyatı zamanı həmin tank götürülərək Hərbi Qənimətlər Parkına gətirilmiş və orada vətəndaşlara nümayiş etdirilir. Eşq olsun Azərbaycan əsgərinə!