TƏLƏBƏMİZ MÜKAFATLANDIRILIB
Bakı Dövlət Universitetində (BDU) 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbirdə tədris göstəricilərinə görə fərqlənən 13, BDU-nun ictimai həyatında fəal iştirak edən 25 tələbəyə təşəkkürnamələr təqdim olunub. BDU üzrə fərqlənən tələbələr sırasında Sosial elmlər və psixologiya fakültəsinin iki nəfər tələbəsi də yer alıb. Tələbələrimizlə yaxından tanış olaq:
Tədris göstəricilərinə görə fərqlənən tələbəmiz Salmanlı Leyla Vüqar qızıdır. O, psixologiya ixtisası üzrə III kurs tələbəsidir. Onun ümumi orta göstəricisi 97,56 baldır. L.Salmanlı dərslərindən əla qiymətlər almaqla yanaşı, könüllülük fəaliyyəti ilə də məşğul olur. O, altı ay Elmi Tədqiqat İnsititutunda, üç ay Narkoloji Xəstəxanada könüllü kimi xidmət göstərib. L.Salmanlı indiyədək bir neçə respublika və beynəlxalq səviyyəli konfransda iştirak edib, təlimlərdə olub. Daim xarici dil bilgilərini artırmağa çalışan tələbəmiz hazırda alman və ingilis dillərini daha dərindən öyrənir, dil bilgilərini təkmilləşdirməyə çalışır.
Leyla Salmanlının gələcək karyera planlarına gəlincə, onun ən böyük arzusu Almaniyada Klinik psixologiya üzrə magistr təhsili almaq və neyropsixologiya üzrə doktoranturaya qəbul olmaqdır. Gələcək elmi fəaliyyətində tələbəmizə uğurlar arzulayırıq!
BDU-NUN İCTİMAİ HƏYATINDA FƏAL İŞTİRAK EDƏN TƏLƏBƏMİZƏ TƏŞƏKKÜRNAMƏ VERİLİB
Bakı Dövlət Universitetinin ictimai həyatında fəal iştirak etdikləri üçün fərqlənən 25 tələbədən biri Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə ixtisası üzrə III kurs tələbəsi Sadıqov Nəbi Famil oğludur. N.Sadıqov bir sıra müəssisələrdə, o cümlədən “Baku City Circuit və ” Asan Xidmət Mərkəzində könüllülük fəaliyyəti ilə məşğul olub. O, hazırda Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatında könüllülük kimi işini davam etdirir. 2022-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. N.Sadıqov Qarabağ qazisinin ailəsində doğulub, atası Famil müəllim Birinci Qarabağ Müharibəsi veteranıdır. O, 1993-cü ildə - 18 yaşında cəbhəyə yollanmış, qızğın döyüşlərin birində güllə yarası almışdır. Sağalan kimi yenidən cəbhəyə -döyüş yoldaşlarının yanına yollanan Famil Sadıqov bu dəfə daha ağır zərbəyə - top zərbəsinə tuş gəlmişdir. Bir ay müddətində komada qalsa da, həkimlərin səyi nəticəsində həyata qaytarılmışdır. Tələbəmiz Nəbi Sadıqovun vətənə, xalqa bağlı bir gənc kimi formalaşmasında atası Famil müəllimin böyük təsiri olub. Tələbəmizin atası Famil müəllimə möhkəm can sağlığı arzulayır, oğlu Nəbi Sadıqova isə ictimai fəaliyyətində uğurlar diləyirik!