TƏLƏBƏMİZ YÜNGÜL ATLETİKA ÜZRƏ RESPUBLİKA ÇEMPİONU OLUB
Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə 26-27 yanvar 2024-cü il tarixlərində atletika üzrə Qış Azərbaycan çempionatı keçirilib. İlin ilk böyük yarışı nüfuzlu beynəlxalq turnirlərə seçim üçün önəmli rol oynayıb. Yarışın keçiriməsində məqsəd atletikanın coğrafiyasını daha da genişləndirmək və gələcək yarışlarda daha çox region təmsilçilərinin iştirakını təmin etmək olub. Belə ki, Respublika Olimpiya Mərkəzində keçirilən ölkə çempionatında Bakı, Gəncə, Naxçıvan, Bərdə, Astara, İsmayıllı və Xızını təmsil edən 140 atlet mübarizə aparıb. 2 gün davam edən yarışın proqramına üç təkanla tullanma, nüvə itələmə, hündürlüyə tullanma, uzunluğa tullanma, 60 m, 200 m, 400 m, 800 m, 1500 m, 3000 m məsafəyə qaçış və 4x200 m qarışıq estafet qaçış növləri daxil olub.
Xatırladaq ki, 40-cı ölkə çempionatı Paris Yay Olimpiya Oyunlarına lisenziya üçün normativlərin yerinə yetirilməsi və reytinq xallarının toplanması baxımından, həmçinin Qlazqoda keçiriləcək Qış dünya çempionatına seçim üçün mühüm əhəmiyyət kəsb edir.
Atletika üzrə 40-cı qış ölkə çempionatında Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş ixtisasının birinci kurs tələbəsi Səkinə Hacızadə 8 rəqibini üstələyərək fəxri kürsünün birinci pilləsinə yüksəlib. Xatırladaq ki, Səkinə Hacızadə Yüngül Atletika üzrə Azərbaycan Milli Yığma Komandasının üzvüdür. Tələbəmizi təbrik edir, ona daha böyük uğurlar arzulayırıq!