TƏŞVİŞ VƏ HƏYƏCANIN PSİXOKORREKSİYASI TƏLİMİ KEÇİRİLİB
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Təşviş və həyəcanın psixokorreksiyası” adlı təlim keçirilib. Təlim Müasir Psixologiya Mərkəzinin direktoru klinik psixoloq Aida Nəbiyeva tərəfindən aparılıb. Təlimin keçirilməsində məqsəd həyatı çətinləşdirən və həyat keyfiyyətini aşağı salan təşviş pozuntularının düzgün müalicə və strategiyalarla aradan qaldırmağın mümkün olması haqında tələbələri məlumatlandırmaqdan ibarət olub.
Aida Nəbiyeva təlim zamanı tədbir iştirakçılarını təşviş pozuntularının müalicəsində istifadə olunana müalicə variantları ilə tanış edib, əsas psixoterapiya üsullarından danışıb. O, qeyd edib ki, psixoterapiya müxtəlif texnika və yanaşmaları özündə birləşdirən müalicə üsulu olaraq özündə Koqnitiv Davranış Terapiyasını, Göz Hərəkətinin Desensitizasiyası və Yenidən Emalı Terapiyasını birləşdirir.
A.Nəbiyeva Göz Hərəkətinin Desensitizasiyası və Yenidən Emalı Terapiyasının düşüncə və davranışların qarşılıqlı əlaqədə olduğunu anlamağa kömək etdiyini, post-travmatik stress pozuntusuna təsiri olan, insana travmatik hadisələri emal etməyə və onların yaratdığı simptomları yüngülləşdirməyə kömək edən bir terapiya forması olduğunu bildirib. Bu terapiya üsulunun təşviş pozuntularına və digər emosional çətinliklərə müsbət təsir göstərdiyini vurğulayan A.Nəbiyeva bir neçə tələbə üzərində ptaktik iş aparıb, tələbələri maraqlandıran suallara cavab verib.
Korreksiya üsullarının praktik olaraq tətbiqi tələbələrdə maraq doğurub. Tələbələr belə terapiya üsullarından praktik olaraq istifadə edilməsi ilə bağlı tədbirlərin davamlı olması təklifini irəli sürüblər.