TRAVMA TERAPİYASI ADLI TƏLİM KEÇİRİLİB
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində “Travma terapiyası” mövzusunda təlim keçirilib. Psixologiya ixtisasının III kurs tələbələri üçün keçirilən təlimdə “Travma nədir”, “Travma alan zaman insanın beyni, şüur və şüuraltısı ona necə reaksiya göstərir”, “Travmanın terapiyası üçün hansı metodlardan istifadə edilir” kimi suallara aydınlıq gətirilib. “Travma terapiyası” adlı təlimin keçirilməsində məqsəd tələbələrin praktiki biliklərini zənginləşdirmək və peşə kompetensiyalarını inkişaf etdirməkdən ibarət olmuşdur.
Müasir Psixologiya Mərkəzinin təsisçi-direktoru, klinik psixoloq Aida Sübhanın rəhbərliyi ilə keçirilən təlimin terapiya hissəsində qrupdan seçilmiş tələbə üzərində müasir üsullardan istifadə etməklə travmanın terapiyası praktiki şəkildə nümayiş etdirilib.
Klinik psixoloq Aida Sübhan bu cür təlimlərin böyük praktik əhəmiyyətə malik olduğunu qeyd edib. O, bildirib ki, bu cür təlimlər tələbələrin yeni praktik bilik və bacarıqlar əldə etməsində böyük rol oynayacaq. Təqdim edilən professional terapiya üsullarından tələbələr gələcəkdə travma almış şəxslərlə iş zamanı uğurla yararlana biləcəklər.