TÜRKİYƏLİ MİLLƏT VƏKİLİ FAKÜLTƏNİN QONAĞI OLUB
Türkiyəli millət vəkili, tanınmış siyasətçi, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, AİBPA İqtisadiyyat Komissiyasının sədri Şamil Ayrım Sosial elmlər və psixologiya fakültəsinin qonağı olub. Dekan Rövşən Cavadov Şamil Ayrımı yüksək qonaqpərvərliklə qarşılayıb, fakültədəki mövcud ixtisaslar və müəllim-tələbə heyəti haqqında millət vəkilini maraqlandıran sualları cavablandırıb. Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım səmimi qarşılandığı üçün R.Cavadova minnətdarlığını bildirib, fakültə rəhbərliyinə elmi fəaliyyət və tədrisin təşkili işlərində uğurlar arzulayıb.
Türkiyəli millət vəkili sonra Sosiologiya kafedrasının professor-müəllim heyəti ilə görüşüb, kafedra əməkdaşları ilə dəyirmi masa ətrafında maraqlı müzakırələr aparıb. Müzakirələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaş ölkələr arasındakı elm, təhsil, mədəniyyət, iqtisadiyyat, siyasət, sosial əlaqələrə diqqət yetirilib. Görüşdə bu əlaqələrin daha da gücləndirilməsi üçün professor-müəllim heyəti və tələbələrin aktivliyinin artırılması zərurəti önə çəkilib. Postmünaqişə dövründə Qarabağın inkişafına Türkiyə Cümhuriyyətinin dəstəyi, həmçinin Azərbaycan və Türkiyə əlaqələrinin gələcək inkişaf perspektivləri istiqamətində fakültənin xətti ilə görülə biləcək işlər barəsində fikir mübadiləsi edilib.
Sosiologiya kafedrasının müdiri Rəfail Həsənov 05-06 oktyabr 2023-ci il tarixlərində Sosial elmlər və psixologiya fakültəsi Sosiologiya kafedrasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik Yubileyinə həsr olunmuş “Şəxsiyyət, Cəmiyyət və Dövlət XXI əsrdə: Qlobal Çağırışlar və İnkişaf Perspektivləri” mövzusunda keçirilmiş Sosial elmlər üzrə Beynəlxalq fənlərarası elmi konfransda online qaydada məruzə ilə çıxış etdiyinə görə Şamil Ayrıma öz təşəkkürünü bildirib və qonağa Plaket və Təşəkkürnamə təqdim edib.