ÜMUMDÜNYA SAĞLAMLIQ GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində 7 aprel – Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş maarifləndirmə tədbiri keçirilib. Tədbirin təşkilatçısı Sosial iş kafedrasının dosenti Rəna Məmmədova olub. Tədbirdə I kurs magistrantları ilə yanaşı, bakalavriat səviyyəsinin ingilis (SW-31) və rus (1591) bölmələrinin tələbələri fəal iştirak ediblər. Tələbələr sağlamlığın tam fiziki, psixi və sosial rifah halı olduğunu vurğulayan təqdimat və posterlər hazırlayıblar.
Magistrantlar öz çıxışlarında sağlam həyat tərzi, düzgün qidalanma və hər bir vətəndaşın öz sağlamlığı üçün fərdi məsuliyyət daşıması məsələlərinə toxunublar. İngilis bölməsinin tələbələri tibdə qeyri-bərabərlik, yoluxucu xəstəliklər və ana sağlamlığının qorunması kimi qlobal çağırışları təhlil ediblər. Rus bölməsinin tələbələri isə tütündən istifadənin, narkomaniyanın tibbi-sosial fəsadları və müasir dövrün aktual problemi olan "tənhalıq epidemiyası" barədə geniş məruzələr təqdim ediblər.
Tədbirdə mental sağlamlığa xüsusi diqqət yetirilib: müsbət düşüncənin təsiri, asudə vaxtın təşviqi və tələbələr arasında təşviş və depressiyanın profilaktikası müzakirə olunub. İştirakçılar rəqəmsal sağlamlıq və Ümumdünya Səhiyyə Təşkilatının xəstəliklərin qlobal profilaktikasındakı rolu kimi müasir trendləri nəzərdən keçiriblər. Təqdimatlar çərçivəsində erkən diaqnostika və mütəmadi müayinələrin sosial təbabətin əsası olduğu bildirilib. Tədbirin praktik hissəsində zərərli vərdişlərdən imtinaya çağıran tematik posterlər nümayiş etdirilib. Bu növ təşəbbüslərin gələcək mütəxəssislərin peşəkar inkişafı ilə yanaşı, gənclərin sosial məsuliyyət hissinin artırılmasına da xidmət etdiyi vurğulanıb.
Tədbirin sonunda sağlam və davamlı cəmiyyətin formalaşdırılması üçün maarifləndirmə işlərinin mütəmadi davam etdirilməsinin zəruriliyi qeyd edilib.