UŞAQ VƏ YENİYETMƏLƏRDƏ DİSLEKSİYA MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB
Bakı Dövlət Univetsitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsi Pedaqogika kafedrası və “NewlinG disleksiya və reabilitasiya mərkəzi”nin birgə təşkilatçılığı ilə "Uşaq və yeniyetmələrdə disleksiya" mövzusunda təlim keçirilib. Təlimdə Pedaqogika kafedrasının professor-müəllim heyəti ilə yanaşı tələbələr də iştirak edib.
“NewlinG disleksiya və reabilitasiya mərkəzi”nin rəhbəri psixo-pedaqoq Nigar Gülməmmədli disleksiyanın pedaqoji tərəflərinə aydınlıq gətirib, dərs prosesinin gedişatını əks etdirən videoçarxlar nümayiş etdirib. Mərkəzin psixoloqu Müjgan Zeyniyeva disleksiyalı uşaqlarda özünü büruzə verən psixoloji tərəflər haqqında təlim iştirakçılarını məlumatlandırıb.
Sonra “NewlinG disleksiya və reabilitasiya mərkəzi”nin duyubütünləmə mütəxəssisi Ruslan Həsənov çıxış edərək duyubütünləmə seanslarından videoçarxlar nümayiş etdirib və ona ünvanlanmış suallara cavab verib.
Kafedra müdiri, professor Ləzifə Qasımova Təhsildə sosial psixoloji xidmət ixtisasında təhsil alan tələbələr üçün bu cür təlimlərin praktik əhəmiyyət daşıdığını qeyd edib və analoji təlimlərin müntəzəm keçirilməsini tövsiyə edib.
Təlimin keçirilməsinə təşkilati dəstək verən “Empa tv” əməkdaşları sonda Pedaqogika kafedrasının müdiri Ləzifə Qasımova və mərkəzin Rəhbəri Nigar Gülməmmədlidən müsahibə götürüb.