UZAQGÖRƏN LİDER, DAHİ ŞƏXSİYYƏT ADLI TƏDBİR KEÇİRİLİB
-lg.jpg)
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Uzaqgörən lider, dahi şəxsiyyət” adlı tədbir keçirilib. Tədbirdə fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova, tarixçi alim Lətifə Əliyeva və tələbələr iştirak ediblər. Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra söz Lətifə Əliyevaya verilib. Lətifə Əliyeva çıxışında Ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti haqqında, dövlət quruculuğu sahəsində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Tarixçi alim Ümummilli lider Heydər Əliyevin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş yaradan cəsarətli addımları haqqında tələbələrə ətraflı məlumat verib.
L.Əliyeva qeyd edib ki, hakimiyyətinin birinci dövründə - Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərdə Heydər Əliyev respublikada güclü iqtisadi potensial yaradıb, çoxsaylı sənaye müəssisələrinin tikintisi üçün mərkəzdən vəsaitlər ayrılmasına nail olub. Onun təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın hər yerində - Bakı, Naxçıvan, Gəncə, Mingəçevir, Lənkəran və Xankəndində elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma müəssisələri istifadəyə verilib. Heydər Əliyev bütün sahələr üzrə, xüsusən hərbi sahədə milli kadrların hazırlanması məqsədilə Azərbaycanda hərbi məktəbin açılmasına nail olub, həmçinin minlərlə azərbaycanlı gənci keçmiş SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almağa göndərib.
Lətifə Əliyeva daha sonra deyib: “Azərbaycan Mərkəzi Komitəsinin baş katibi işlədiyi dövrdə Heydər Əliyevi ən çox maraqlandıran məsələlərdən biri də dövlət idarəetmə strukturlarında milli kadrların işə cəlb edilməsi məsələsi olub. Həmin dövrdə mən də gənc kadr kimi əmək fəaliyyətinə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Yanında Partiya Tarixi İnstitutunda kiçik elmi işçi kimi başlamışam. Uzun illər Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında fəaliyyət göstərmiş, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər arxivində direktorun elmi işlər üzrə müavini vəzifəsində çalışmışam”.
Tarixçi alim Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışını müstəqil Azərbaycanın tarixində yeni mərhələnin başlanğıcı hesab edib. O, qeyd edib ki, dəmir iradəyə, fenomenal yaddaşa, güclü hafizəyə malik olan Ulu Öndər Heydər Əliyev məntiqinin, sözünün gücü sayəsində milli birliyimizi təmin edib, Azərbaycanı müstəqilliyini itirmək, daxildən parçalanmaq təhlükəsindən xilas edib.
Tarixçi alimin Ulu Öndər haqqında söylədiyi xoş xatirələr tələbələr tərəfindən maraqla dinlənilib və sonda onları maraqlandıran suallara cavab verilib.