XOCALI FACİƏSİNİN 31-Cİ İLDÖNÜMÜ ANILIB
Sosial elmlər və psixologiya fakültəsində Xocalı faciəsinin 31-ci ildönümü qeyd olunub. Tədbirdə Sosial elmlər və psixologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova, Elmi işlər üzrə dekan müavini Qızılgül Abbasova, Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova, həmin kafedranın baş laborantı Zeynəb Paşayeva və fakültənin əlaçı tələbələri iştirak ediblər.
Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova Xocalı faciəsindən 31 il ötməsinə baxmayaraq, törədilən soyqırım dəhşətlərinin bu gün də unudulmadığını, həmin hadisələrin ilk günlərdə olduğu kimi ağrı ilə xatırladığını qeyd edib.
SEP Elmi işlər üzrə dekan müavini Qızılgül Abbasova 31 il əvvəl baş vermiş qanlı faciə haqqında danışaraq o illərin kədərli hadisələrini xatırlayıb. O, qeyd edib ki, Xocalıdan didərgin düşmüş sakinlərin bir qismi faciədən sonra Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşdırılmışmışdı. BDU müəllimləri ilə yanaşı, sadə vətəndaşlar da onlara yardım edir, ağır vəziyyətə düşmüş insanlara mənəvi dəstək olmağa çalışırdılar.
Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova Xocalı faciəsindən 31 il ötməsinə baxmayaraq, bu illər ərzində dövlət tərəfindən aparılan uğurlu təbliğat işlərinin, alim və tədqiqatçılar tərəfindən yazılan elmi və bədii əsərlərin bugünkü qələbəmizin əldə edilməsində mühüm rol oynadığını qeyd edib. O, daha sonra bildirib ki, əvvəlki illərə nisbətən faciənin 31-ci ildönümünü qalib kimi qeyd etsək də, belə dəhşətli hadisələrin təkrarlanmaması üçün faciələrimizi heç vaxt unutmamalıyıq.
IV kurs tələbəsi Nigar Hüseynzadə erməni millətçi-şovinistlərinin 200 il ərzində apardıqları etnik təmizləmə siyasətindən danışaraq, bütün bunların daim kütləvi qırğınlarla müşayət olunduğunu qeyd edib. O, ermənilər tərəfindən törədilən Xocalı qətliamını nəinki insanlıq adına onlara havadarlıq edənlərin vicdanına yazılan qara ləkə adlandırıb.
Təhsildə sosial psixoloji xidmət ixtisasının II kurs tələbəsi Abduləzizova Rəqsanə Xocalı şəhərinin hələ 1991-cı ilin oktyabrından blokada şərairtində olduğunu və şəhər sakinlərinin 4 ay belə vəziyyətdə yaşadıqlarını qeyd edib. O, daha sonra bildirib ki, dinc əhalinin əksəriyyəti qarlı aşırımlarda və meşələrdə qalaraq erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edilib.
SEP Tələbə Elmi Cəmiyyətinin sədri Sima Məlikova tədbir iştirakçılarına Xocalı faciəsinin qurbanları haqqında məlumat verib. O, bildirib ki, soyqırımı zamanı 613 nəfərin öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub, 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qoca olmaqla yüzlərlə insan öldürülüb. O, daha sonra qeyd edib ki, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər isə valideyinlərindən birini itirib. Faciə baş verdiyi gecə 1275 nəfər dinc sakin girov götürülüb, onların 150-nin taleyi indi də məlum deyildir. S.Məlikova tədbir iştirakçılarına müraciət edərək onları erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmiş Xocalı soyqırımını unutmamağa çağırıb.
II kurs tələbəsi Qəhrəmanlı Güllü insanı dəhşətə gətirən Xocalı soyqırımının epizodları haqqında tədbir iştirakçılarına məlumat verib. O, bildirib ki, ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirib, onlarıın başının dərisini soyub, uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarnını yarıblar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş kimyəvi silahlardan istifadə edilib. O, daha sonra bildirib ki, bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını kobud şəkildə pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım aktıdır.
II kurs tələbəsi Cahan Ağayeva Xocalı soyqırımında 366-cı alayın xüsusi rol oynadığını qeyd edib. O, bildirib ki, alay Şuşa və Xocalının, Azərbaycanın kəndlərinin atəşə tutulmasında dəfələrlə iştirak edib. O, daha sonra bildirib ki, Azərbaycan Milli Məclisi hər il fevralın 26-nı "Xocalı soyqırımı günü" elan edib. Hər il fevralın 26-da saat 17.00-da Azərbaycan xalqı Xocalı soyqırımının qurbanlarının xatirəsini yad edir.
Tədbir iştirakçıları sonda Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə siyasətini pisləmiş, gənclərə müraciət edərək tariximizə qara ləkə kimi düşən faciələri heç bir zaman yaddan çıxarmamağı tövsiyə etmişlər.
Yekunda tədbir iştirakçıları “Heç vaxt soyqırıma məruz qalmamış erməniləri süni şəkildə soyqırıma məruz qalmış xalq kimi tanıyan, Xocalı soyqırımına isə göz yumanlara yazıqlar olsun!” şüarı səsləndirmişlər.