Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
Sosial elmlər və psixologiya fakültəsi üzrə könüllülərin təşkilatçılığı ilə “Xocalı soyqırımının törətdiyi sosial-psixoloji zərərlər“ adlı tədbir keçirilib. İlk olaraq Sosial elmlər və psixologiya fakültəsinin dekanı, Rövşən Cavadov tədbiri açıq elan edib. Xocalı soyqırımında şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir zamanı Xocalı soyqırımının necə baş verdiyindən və soyqırımın dəhşətlərindən söz açılıb. Həmin faciənin xalqımız üzərində yaratdığı sosial və psixoloji təsirlərə də məharətlə toxunulub. Daha sonra Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev haqqında məlumat verilib. Əlif Hacıyevin mərdliyi, onun vətəni igidliklə qoruması və şərəfli şəhadəti xüsusi vurğulanıb. Bundan əlavə paytaxt Bakıda yerləşən “ Ana Harayı” abidəsindən, salınma tarixindən və heykəlin nəyi ifadə etdiyindən danışılıb. Tədbirdə I kurs tələbələri Kərimov Elkin və Səlimzadə Mehriban çıxış ediblər. Daha sonra BDU könüllülərinin Sosial elmlər və psixologiya fakültəsi üzrə sədri Murad Səfərliyə söz verilib. Tədbirin yekununda isə Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov Xocalı hadisələrindən bəhs edərək həmin hadisələrin insanlara hansı psixoloji zərərlər vurduğunu deyib, həmçinin bu faciənin unudulmamasının, xüsusi ilə də gənclərin xalqımızın qan yaddaşına biganə olmamalarının əhəmiyyətini vurğulayıb, tədbir iştirakçılarına öz təşəkkürünü bildirərək tədbiri bağlı elan edib.