“YAŞIL DÜNYA NAMİNƏ HƏMRƏYLİK İLİ”NƏ HƏSR OLUNMUŞ FOTOMÜSABİQƏ KEÇİRİLİB
Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova və fakültənin Tələbə Həmkarlar İttifaqı Komitəsinin birgə təşəbbüsü ilə “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində fotomüsabiqə keçirilib. Dekan müavini tədbir iştirakçılarına 2024-cü ilin ölkə başçısının sərəncamına əsasən “Yasıl Dunya Naminə Həmrəylik ili” elan olunduğunu xatırladaraq bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd ətraf mühitin mühafizəsində gənclərin rolunu artırmaqdan, tələbələrin ekoloji şüurunu formalaşdırmaqdan ibarətdir.
N.Kərimova həmçinin diqqətə çatdırıb ki, bu il ölkəmiz Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi edir. Bu isə hər bir Azərbaycan vətəndaşından ciddi məsuliyyət tələb etməklə yanaşı, bir sıra məqsədyönlü tədbirlərin həyata keçirilməsi zərurətini yaradıb.
Təbiətə qayğı ilə yanaşmağı bütün planet sakinlərinin qarşısında duran mühüm vəzifələrdən biri hesab edən N.Kərimova ətraf mühitə antropogen amillərin mənfi təsirlərinin azaldılması istiqamətində gəncləri fəal olmağa səsləyib. O, bu işdə coşqun enerjiyə malik tələbə gənclərin mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.
N.Kərimova bildirib ki, Sosial elmlər və psixologiya fakültəsində təhsil alan bakalavr və magistrantlar tərəfindən “Anamız təbiət” adlı fotomüsabiqəyə müxtəlif təbiət mənzərələrini əks etdirən 150 şəkil daxil olub. Fakültə rəhbərliyi müsabiqəyə təqdim edilmiş şəkillərin ideya məzmununu və çəkiliş texnikasını qiymətləndirmək və müsabiqənin qaliblərini müəyyənləşdirmək məqsədi ilə BDU-nun Jurnalistika fakültəsinin müəllimi Mirakif Babayevə ekspert kimi müraciət edib.
M.Babayev Jurnalistika fakültəsində təhsil alan tələbələrə foto jurnalistika fənnindən dərs deyir. O, Sosial elmlər və psixologiya fakültəsi tərəfindən həyata keçirilən fotomüsabiqədə iştirak edən tələbələrin bu addımını təqdirəlayiq hal kimi qiymətləndirib və onlara telefon və ya fotoaparatla şəkil çəkmək texnikasını başa salıb. O, daha sonra insan gözünün mürəkkəb quruluşa malik olması, ətraf mühitdən beynimizə daxil olan informasiyanın 90 faizinin gözlə qəbul edildiyi barədə tədbir iştirakçılarına məlumat verib. Daha sonra tələbələrin mobil telefon vasitəsi ilə qeydə aldıqları və müəllifi gizli saxlanılan foto şəkilləri diqqətlə nəzərdən keçirib. Mirakif müəllim qeyd edib ki, müsabiqəyə təqdim ounmuş 150 şəkildən 91-i təhlil-qiymətləndirmə mərhələsinə adlayıb, 6 seçilmiş foto müəlliflərnin adlarını qaliblər sırasına daxil edib. Belə ki, bu şəkillərdən biri birinci yerə, ikisi ikinci yerə, üçü isə üçüncü yerə layiq görüıüb.
M.Babayev fotomüsabiqənin qaliblərini hansı meyarlarla qiymətləndirdiyi barədə də tədbir iştirakçılarına məlumat verib: “İdeyasına və məzmununa görə birinci yerə layiq görülən bu şəkildə tələbə məharətlə kiçik yaşlı uşağa təbiətə qayğının, canlı varlıqlara sevginin aşılandığı anı kadra ala bilib. Hesab edirəm ki, ətraf mühitin mühafizəsində ekoloji tərbiyənin böyük əhəmiyyəti vardır. Doğrudan da təbiətə qayğı və sevgi insanlara erkən yaşlarından aşılanmalıdır. Təbiətə qayğı və mərhəmətin təməli öncə ailədən, daha sonra bağça və orta məktəbdən qoyulmalıdır. İkinci yerə iki fotoşəkli layiq görmüşəm. Bu şəkillərdən birində çox yaxşı kompozisiya vardır: burada tələbə keçmişlə müasir dövrün əlaqəsini ustalıqla duya bilib, həmçinin göy qurşağının şəfəqlərinin çəmənlikdə əks olunduğu anı fotoaparatın obyektivinə qeyd etməyi bacarıb. İkinci yerə layiq görülmüş digər şəkildə at üstündə gəzərək ormana nəzarət edən meşəbəyi əks olunub. Əksər insanlar düşünürlər ki, təbiətin qoynunda dincəlmək, meşədə kabab bişirmək onların, meşəni qorumaq isə bu işə məsul olan meşəbəyinin işidir. Hesab edirəm ki, belə düşünənlər böyük səhvə yol verirlər, insanlar bu işdə meşəbəyiyə, təbiəti qoruyan hər kəsə dəstək olmalıdırlar.
Üçüncü yerə üç şəkil layiq görülüb. Şəki Xan Sarayının təsvir olunduğu fotoda müəllif keçmişlə indi arasındakı varislik əlaqəsini uğurla əks etdirə bilib. Milli ornamentlərin fonunda çoxillik çinar ağacının təsvirini bizim keçmiş irsimizə sevgi və hörmətimizin ifadəsi kimi qiymətləndirirəm.
Üçüncü yerə layiq görülmüş üçüncü şəkildə dağdan axan şəlalə, dumanlı hava, sıldırım qayalar əks olunub. Fikrimcə, insan təbiətlə harmoniya şəraitində yaşamaqla həm öz ömrünü uzada, sağlam həyat tərzi keçirə, həm də ətraf mühiti qoruya bilər.
Fakültə rəhbərliyi Mirakif müəllimə fotomüsabiqəyə təqdim edilmiş şəkilləri ustalıqla dəyərləndirdiyinə görə dərin minnətdarlığını bildirib, ona son dərəcə maraqlı işində uğurlar arzulayıb.
Sonda qaliblər səhnəyə dəvət edilib, onlara sertifikatlar təqdim edilib. Qeyd edək ki, Səbinə Qasımova - I yer, Amina Məhərrəmova, Nəzərli Ceyran - II yerə, Ariz Məmmədov, Aynur Həmidova və Ceyran Nəzəzrli III yerə layiq görülüb. Qeyd edək ki, tam anonim şəraitdə qiymətləndirilən şəkillər içərisində Seyran Nəzərlinin iki fotosu iki nominasiya üzrə qalib olub.