YENİ TƏDRİS İLİNDƏ FAKÜLTƏ ELMİ ŞURASI KEÇİRİLİB
11 sentyabr 2024-cü il tarixində Bakı Dövlət Universiteti (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib. Elmi Şurada 2024/2025-ci tədris ilinə hazırlığın vəziyyəti, yeni tədris ilində qarşıda duran vəzifələr, problemlər və perspektivlər, 2024/2025-ci tədris ilində ali təhsilin müxtəlif səviyyələri üzrə fakültəyə qəbulun nəticələri haqqında və cari məsələlərə baxılmışdır.
R.Cavadov 2023/2024-cü tədris ilində görülmüş işlərin təhlili əsasında fakültənin ildən-ilə dinamik inkişaf tempi əldə etdiyini, bu vəziyyətin gələcəkdə də qorunub-saxlanılmasının vacibliyini bildirib. Fakültədə təhsilin həm məzmun, həm də keyfiyyət dəyişikliklərinin davam etdirildiyini Elmi Şura üzvlərinin diqqətinə çatdıran Rövşən Cavadov ötən il ərzində nəzərdə tutulan işlərin çoxunun yerinə yetirildiyini və bəzi sahələrdə hələ də geniş miqyasda görüləsi vacib olan işlərin qaldığından danışıb.
Fakültə dekanı daha sonra 2024/2025-ci tədris ilində Sosial elmlər və psixologiya fakültəsinə daxil olmuş tələbələrin ümumi sayı, onların keçid balları və müraciət etdikləri ixtisaslar haqqında ümumi məlumat verib, bu il Sosial elmlər və psixologiya fakültəsinə daxil olan tələbələrin ümumi keçid ballarının ötən illərlə müqayisədə daha yüksək olduğunu və onların ərsəriyyətinin Psixologiya və Sosial iş ixtisaslarını seçdiklərini qeyd edib.
Daha sonra Elmi işlər üzrə dekan müavini Qızılgül Abbasova çıxış edərək bildirib ki, yeni dərs ilinə hazırlıq çərçivəsində magistratura üzrə dərs cədvəli tutulub, bütün tədris materialları hazırlanıb. Magistraturada yeni iştisaslaşma – “Korreksiyaedici təlimin metodları və metodologoyası” üzrə qəbul başa çatıb.
Dekan müavini Daxil Vəliyev bakalavriat pilləsində yeni tədris ilinə hazırlığın vəziyyəti haqqında məlumat verib.
Fakültə Elmi Şurasının işi gündəlikdə duran cari məsələlərin həlli ilə davam etdirilib.
Sonda R.Cavadov Şura üzvlərinə müraciət edərək, Gender və tətbiqi psixologiya kafedrasının müdiri, prof. əvəzi Rəna xanım İbrahimbəyovanın yubiley yaşı olduğunu bildirib. Universitetin axrıncı Elmi Şurasında hörmətli rektorumuz Elçin Babayevin Rəna xanıma ünvanlanmış təbrikini yubilyara çatdırıb və özü də Rəna xanımı həm öz adından, həm də fakültənin kollektivi adından təbrik edib. Daha sonra o, Fakültə Elmi Şurasının üzvlərini və eləcə də fakültənin əməkdaşlarını Rəna xanımın yubiley tədbirində iştirak etməyə dəvət edib.