ZƏFƏR GÜNÜNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB
Bakı Dövlət Universitetinin (BDU) Sosial Elmlər və Psixologiya fakültəsində Zəfər gününə həsr edilmiş tədbir keçirilib. Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova, fakültənin Tələbə Həmkarlar İttifaqı Təşkilatı, Tələbə Gənclər Təşkilatı və SEP könüllülərinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov çıxış edərək Zəfər günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, 44 günlük haqq savaşımızın tarixə qızıl həriflərlə yazıldığını qeyd edib. R.Cavadov “Dəmir yumruq” ifadəsinin mənasına diqqət yetirərək onu bizi qələbəyə aparan birliyimizin simvolu kimi dəyərləndirib.
“Zəfər” gününə həsr edilmiş tədbirin aparıcıları Toğrul Mirzəyev və Xanım Məmmədova noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhərinin işğaldan azad edilməsini dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biri adlandırıblar. Tədbir tələbələrin zəfər ruhlu şeirləri, vətənpərvərlik ruhunda ifa etdikləri mahnı və rəqslərlə davam edib.
Sosial elmlər və psixologiya fakültəsi Psixologiya ixtisasının I kurs tələbəsi Zemfira Babayevanın (“Azərbaycan”) və Aydan Arazlının (“Bayraq”) ifasında səslənən şeirlər tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Fəlsəfə ixtisasının I kurs tələbəsi Ariz Məmmədovun tarda ifa etdiyi “Qarabağ Şikəstəsi”, Reyhan Tağıyeva və Nuray Nağıyevanın “Xudayar təsnifi” dueti və Fəridə Mürşüdovanın skripkada müşayiəti ilə Aida Qarayevanın “Sarı gəlin” mahnısı böyük coşqu ilə alqışlanıb.
Fakültənin tələbələri Fidan Zamanova və Murad Qəmbərovun nümayiş etdirdikləri “Zəfər” rəqsi, həmçinin Nuray Nağıyeva, Elnarə Rəhimova, Zeynəb Abbaslı, Reyhan Tağıyeva, Gültac Quliyevanın birlikdə ifa etdikləri “Çırpınırdı Qara Dəniz” mahnısı tələbələrin böyük sevincinə səbəb olub.