“ZƏFƏRİN PSİXOLOJİ TƏHLİLİ” ADLI TƏDBİR KEÇİRİLİB
Bakı Dövlət Universiteti (BDU) Sosial Elmlər və Psixologiya fakültəsinin Tələbə Elmi Cəmiyyəti tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin psixoloji təhlili” adlı tədbir keçirilib. Tədbirdə Bakı Dövlət Universiteti psixoloji yardım sektorunun psixoloqu İlkanə İmran, Sosial və pedaqoji psixologiya kafedrasının dosenti İranə Məmmədli və fakültənin fəal tələbələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Sosial və pedaqoji psixologiya kafedrasının dosenti İranə Məmmədli Zəfərin psixoloji təməlləri haqqında tədbir iştirakçılarına məlumat verib, qələbənin əldə edilməsində şəxsiyyətin güclü iradə və dayanıqlığının böyük rol oynadığını söyləyib.
Psixoloji yardım sektorunun psixoloqu İlkanə İmran isə posttravmatik stres pozuntusunun öhdəsindən gəlmək üçün faydalı olan metodlardan danışıb, bu metodların postmüharibə dövründə yaranan çətinliklərin aradan qaldırılmasında əhəmiyyətini qeyd edib. İ.İmran praktik texnikalar tətbiq etməklə tədbir iştirakçılarını bəzi sakitləşdirici metodlarla tanış edib, onlara streslə mübarizə üsullarını praktik şəkildə mənimsəmək yollarını başa salıb.