Zərifə Əliyeva - Böyük Azərbaycan Qadını
2023-cü il 18 aprel tarixində BDU-nun Sosial elmlər və psixologiya fakültəsində görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, mənalı həyat yolu ilə nəsillərə örnək olan akademik Zərifə Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Fakültənin professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən tədbirdə öz zəngin fəaliyyəti və humanist təbiəti ilə millətinə şərəf, qürur hissi yaşadan, fitri istedadı, ana ucalığı, Azərbaycan elminin inkişafı yolunda böyük xidmətləri ilə yaddaşlarda əbədi yaşamaq haqqı qazanmış Zərifə Əliyevanın xatirəsi sonsuz məhəbbətlə yad edilib. Tədbirdə çıxış edənlər Zərifə Əliyevanın zəngin və maraqlı həyat yolundan, elmi fəaliyyətindən, göz xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası sahəsində qazandığı uğurlardan, elmi ictimaiyyətin etirafını qazanmış tədqiqatlarından bəhs ediblər. Zərifə Əliyevanın yüksək ixtisaslı tibb mütəxəssislərinin hazırlanmasındakı xüsusi rolu diqqətə çatdırılıb.
Çıxış edən müəllimlər və tələbələr (magistrantlar) Zərifə xanımın anadan olduğu 1923-cü ildə mövcud sosial-siyasi və iqtisadi durum, o cümlədən Rusiyanın Azərbaycana qarşı ikibaşlı siyasəti, 1924-cü ildə Naxçıvan Muxtar Respublikasının yaradılmasına ermənilərin öz iddiaları ilə qarşı çıxmasından söhbət ediblər. Rəbiyyət Aslanova öz məruzəsində Zərifə Əliyevanın şəxsi, peşəkar və mənəvi keyfiyyətlərinin müasir Azərbaycan cəmiyyətinin inkişafı baxımından qiymətləndirmiş, onların dəyərini vurğulamışdır. Rəna İbrahimbəyova öz atası, tanınmış psixoloq Fuad İbrahimbəyovun Zərifə xanımın atası Əziz Əliyevlə bir yerdə oxuduğunu qeyd edib, onların elmi terminologiya sahəsində birgə araşdırmaların əhəmiyyətindən danışıb, həm də Zərifə xanımın sadəliyini, səmimiliyini təsdiqqləyən həyati faktları, elmi fəaliyyətindən misalları gətirib.
Səxavət Əliyeva Zərifə xanımın cəmiyyətdə böyük hörmət sahibi olmasını vurğulayıb. Onun praktik həkim məsləhətlərindən indi də faydalandığını qeyd edib. Ləzifə Qasımova öz çıxışında Zərifə xanımın mənəvi-əxlaqi keyfiyyətlərinin üzərində dayanaraq göstərib ki, indiki gənclərin tərbiyə edilməsində bu, olduqca əhəmiyyətlidir. Kəmalə Pənahova öz çıxışında Zərifə xanım barədə xatirələrə toxunub, onun elmi yaradıcılığında bioetika provlematikasının geniş yer tutduğunu və bugünkü ekoloji problemləri ilə birbaşa səsləndiyini qeyd edib. Üzeyir Şəfiyev Zərifə xanımın göz xəstəlikləri sahəsində xidmətlərindən, ölkəmizdə bir sıra xəstəliklərinin yayılması şəraitində onun uğurlu fəaliyyətindən söhbət açıb. Əlavə olaraq ailə dəyərlərinin Zərifə xanım tərəfindən qoruyub saxlamaq bacarığını müasir gənc ailələr üçün bir örnək olduğunu vurğulayıb.
Qayğıkeş ana, sədaqətli həyat yoldaşı, ali-mənəvi keyfiyyətlərin mücəssəməsi olan Zərifə Əliyevanın həyat fəlsəfəsi, amalı, xeyirxahlıq adlı ali dəyərin qorunması, mərhəmət və şəfqət hissinin insanların həyat amalına çevrilməsinə nail olunması idi. O, bütün mənalı ömrünü bu prinsipin gerçəkləşməsinə həsr edib. Zərifə Əliyevanın xeyirxah əməlləri, şəfqət və mərhəmət ənənələri bu gün Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, ölkəmizin birinci xanımı, dövlətə və xalqa xidmət nümunəsi olan Mehriban Əliyeva tərəfindən davam etdirilir. Ulu Öndər Heydər Əliyev kimi siyasi xadimin həyat yoldaşı, XXI əsrdə Azərbaycanın Zəfər tarixinə adını yazdırmış Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin anası olaraq Zərifə Əliyeva adı tarixə Böyük Azərbaycan Qadını kimi yazılacaqdır.