Müəllimlərin yubileyləri qeyd olunub
Sosial elmlər və psixologiya fakültəsində Fəlsəfə kafedrasının qocaman müəllimləri, professor Zeynəddin Hacıyev və dosent Arif Tağıyevin 80 illik yubileylərinə həsr olunmuş elmi seminar keçirilib. Fakültənin dekanı, dosent Rövşən Cavadov tədbiri açaraq, respublika miqyasında tanınan, bir çox dərsliklərin müəllifi olan hər iki alimin fəlsəfə sahəsində kadrların yetişdirilməsində böyük rola malik olduqlarını qeyd edərək, yubilyarları təbrik edib. Sonra Fəlsəfə kafedrasının müdiri, dosent Kəmalə Pənahova professor Zeynəddin Hacıyev və dosent Arif Tağıyevin həyat yolu və elmi fəaliyyətləri haqqında məruzə edib. Zeynəddin müəllimin sosial fəlsəfə sahəsində görkəmli mütəxəssis kimi, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra sosial strukturun dəyişilməsi, sosial fəlsəfədə mənəvilik, şəxsiyyətin azadlığı, keçid dövründə dəyərlərin dəyişilməsi kimi problemlərin tədqiqi ilə məşğul olduğunu qeyd edib. Onun “Sosial fəlsəfə”, “Ontologiya və idrak nəzəriyyəsi”, “Məntiq” dərsliklərinin fəlsəfə sahəsində kadrların hazırlanmasında böyük əhəmiyyət kəsb etdiyini, “Fəlsəfə” dərsliyinin tələbələr arasında öz populyarlığı ilə seçildiyini nəzərə çatdırıb.
Kəmalə Pənahova həmçinin qeyd edib ki, səkkiz nəfər fəlsəfə üzrə fəlsəfə doktoru yetişdirən professor Z.Hacıyevin Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə və Sosiologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının sədr müavini kimi də fəaliyyəti təqdirəlayiqdir.
K.Pənahova “Müasir təbiətşünaslığın konsepsiyaları”, “Antropologiya”, “Fəlsəfə” dərsliklərinin müəllifi dosent A.Tağıyevin fəlsəfə ilə təbiətşünaslığın, xüsusilə biologiyanın əlaqələri, eləcə də sosial idrakın spesifikası, antropologiya, dünyanın müasir təbii-elmi mənzərəsinin elmi konsepsiyaları, davamlı iqtisadi inkişaf strategiyası üzrə tədqiqatlar apardığını nəzərə çatdırıb. Bildirib ki, Arif müəllim tərəfindən fəlsəfə klassiklərindən Platonun “Dövlət”, Aristotelin “Politika” və “Metafizika”, Hegelin “Ruh fəlsəfəsi”, “Məntiq elmi”, “Hüquq fəlsəfəsi” adlı əsərləri Azərbaycanda ilk dəfə ana dilinə tərcümə edilib, həm də bu əsərlərə onun tərəfindən irihəcmli şərhlər yazılıb. K. Pənahova Arif Tağıyevin nəşrə hazırlanan “Ontologiya” dərsliyinin tezliklə işıq üzü görəcəyi barədə məlumat verib.
Sonra Fəlsəfə kafedrasının professoru Əziz Məmmədov, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri, professor Rəbiyyət Aslanova çıxış edərək, Z.Hacıyev və A.Tağıyevin Azərbaycanda fəlsəfə elminin inkişafındə rollarını qeyd ediblər, onların humanizminin, həyat yollarının bugünki gənclik üçün bir nümunə olduğunu nəzərə çatdıraraq, yubilyarları təbrik ediblər.
Fəlsəfə kafedrasının magistrantı Rəvan Əliyev yubilyarları tələbələr adından təbrik edərək, onların bir şəxsiyyət kimi formalaşmasında böyük zəhməti olduqlarını nəzərə çatdırıb.
Sonda tədbir iştirakçıları yubilyarlarla müsahibəni əks etdirən slayda tamaşa ediblər.
Professor Z.Hacıyev və dosent Arif Tağıyev seminar iştirakçılarına onların pedaqoji və elmi fəaliyyətlərinə yüksək qiymət verildiyi üçün təşəkkür ediblər.