FAKÜLTƏDƏ BEYNƏLXALQ ANA DİLİ GÜNÜ QEYD EDİLİB
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsində Beynəlxalq ana dili gününə həsr olunmuş tədbir keçirilib. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, dövlətimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Fakültənin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova çıxış edərək bildirib ki, 21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Hər bir millətin maddi və mənəvi irsinin qorunub saxlanılmasında dili ən güclü vasitə adlandıran N.Kərimova insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində ana dilinin əvəzsiz rolundan danışıb, doğma ana dilini qoruyub-saxlamağın zəruriliyini vurğulayıb.
Tədbirdə Pedaqogika kafedrasının saathesabı müəllimi Esmira Kazımova çıxış edərək korreksion pedaqogikanın bir qolu olan Loqopediya elminin ana dilimizin inkişafı üçün əhəmiyyətindən danışıb. O, müasir dövrdə nitq pozuntusu olan şəxslərin sayının getdikcə artmasına səbəb olan genetik, orqanik və fizaloji amillər haqqında məlumat verib. E.Kazımovanın fikrincə, ailə üzvləri arasında ünsiyyətin müxtəlif dillərdə aparılması (ikidillilik), o cümlədən uşaqların erkən yaşlarda elektron əşyalara bağlılığı nitq pozuntusuna gətirib çıxaran səbəblərdəndir. “Valideynlər çox zaman övladları ana dilində sərbəst danışmaq vərdişlərinə yiyələnmədən onları rus, ingilis və digər əcnəbi dilləri öyrənməyə sövq etdirirlər. Lakin bütün bunlar gələcəkdə uşaqlarda disleksiya (oxu problemi) və disqrafiya (yazı problemi) kimi bir sıra problemlərə yol açır. Bu isə nitq qüsurlarının aradan qaldırılması ilə məşğul olan mütəxəssislərin üzərinə düşən məsuliyyəti daha da artırır. Bu mənada biz loqopedlərin valideynlərə ilk məsləhəti bu olur: övladlarınızın öncə öz ana dilimizdə anlayıb, fikrlərini ifadə etməsinə şərait yaradın. Dilə hörmət ailədən başlayır”.
Daha sonra Sosial elmlər və psixologiya fakültəsinin tələbələri Sevil Xəlilli, Zəminə Atababayeva və Jasmin Məmmədovanın “bədən dilində” ifadə etdikləri cümlələr - “Mənim ana dilim Azərbaycan dilidir, doğma respublikamızın dövlət dilidir”. “Ana dili – hər bir xalqın varlığının təsdiqidir”. “Xalqımızın böyük oğlu Heydər Əliyev deyirdi: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini, dövlət dilini mükəmməl bilməlidir” - tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Magistrant Məhəmmədəli Dadaşov öz çıxışında keçmiş nəsillərin tarixi əmanəti olan ana dilimizi yad təsirlərdən qorumağın vacibliyindən söz açıb: “Ana dilimiz elə bir əmanətdir ki, cəhalətpərəstlərin qınağından, düşmənlərin məhv etmək cəhdlərindən sıyrılaraq bu günümüzə gəlib çatmışdır. Bu mənada biz dilimizin qiymətini anlamalı, onu daha da inkişaf etdirməli, gənc nəslə daha kamil, mükəmməl bir dil kimi təqdim etməliyik. Xüsusən də tərcümə sahəsində böyük işlər görmək, dilimizi elm dili, fəlsəfə dili kimi formalaşdırmalıyıq. Ədəbiyyatımızı öz dilimizin parlaq sözləri ilə bəzəməliyik. Yalnız bu zaman bizə etibar edilən əmanətə sahib çıxmış olarıq”.
Fəlsəfə ixtisası üzrə III kurs tələbəsi Samir Quliyev ana dilimizi korlayan yad təsirlər haqqında məlumat verib. Şəxsi müşahidələri və araşdırmaları nəticəsində əldə etdiyi məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Fakültənin ikinci kurs tələbələri Elnarə Kərimli, Aylin Məmmədli və Lalə Mustafayevanın Ağstafa, Qazax və Şəki ləhcələrində söylədikləri lətifələr tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.
Psixologiya ixtisası üzrə birinci kurs tələbələri Aydan Arazlı və Zemfira Babayevanın ifasında səslənən “Ana dili” şeirləri və Fatimə Səfərovanın dil haqqında nitqi auditoriya tərəfindən maraqla qarşılanıb.