Fəlsəfə gününə həsr olunmuş tədbir keçirilib
Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasında Beynəlxalq Fəlsəfə Günü münasibəti ilə dəyirmi masa keçirilib. Fəlsəfə kafedrasının müdiri, dosent Kəmalə Pənahova UNESCO-nun qərarı ilə hər il noyabr ayının üçüncü cümə axşamı keçirilən Fəlsəfə Gününün əhəmiyyətindən danışıb. O, bildirib ki, UNESCO-ya üzv olan 70-ya yaxın ölkədə hər il Fəlsəfə Gününün qeyd edilməsində məqsəd hər bir insanın və mədəniyyətin inkişafında fəlsəfənin dəyərinə diqqət cəkməkdən ibarətdir. K.Pənahova qeyd edib ki, fəlsəfə insanları təbiət və cəmiyyətin ümumu qanunları və qanunauyğunluqları ilə məlumatlandırmaqla yanaşı, mədəniyyətlərin dialoquna, müasir cəmiyyəti narahat edən əsas problemlərə cavab verməyə, cəmiyyətdə qarşılıqlı hörmət və dözümlülüyün bərqərar olmasına xidmət edir.
Sosial elmlər və psixologiya fakültəsinin Sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova “Fəlsəfə” şöbəsinin 1945-ci ildə mərhum akademik Heydər Hüseynovun təşəbbüsü ilə “Tarix” fakültəsi nəzdində yaradıldığını dəyirmi masa iştirakçılarına xatırladaraq, kafedranın uzun tarixi inkişaf yolu keçdiyini bildirib. İki ildən sonra 80 yaşını qeyd edəcək “Fəlsəfə” kafedrasında hazırda fəaliyyət göstərən professor-müəllim heyətinin bu sahədəki xidmətlərindən, onların elmi nailiyyətlərindən danışıb.
Professor Əziz Məmmədov fəlsəfənin “hikmətə məhəbbət” haqqında elm olduğunu, elmlər arasında fəlsəfənin hər zaman yüksək mövqedə dayandığını bildirib. Hazırda 15 min elm sahəsinin mövcudluğunu diqqətə çatdıran Ə.Məmmədov fəlsəfənin özünün də çoxlu sayda sahələrinin, istiqamətlərinin olduğunu vurğulayıb. Sürətli inkişaf dövründə yaşadığımızı diqqətə çatdıran professor müasir elmi nailiyyətlərin fəlsəfi qiymətinin verilməsinin zəruriliyini qeyd edib və bu vəzifənin kafedranın gənc tədqiqatçılarının və magistrantlarının üzərinə düşdüyünü bildirib.
Dosent Arif Tağıyev çıxışına bu sitatla başlayıb: “İnsan özündən çox idealı sevməlidir. Bu insani əxlaqiliyə aparan tək yoldur”. Bu fikirlə alim insanın hər şeydən əvvəl özünü dərk etməsinin vacibliyini və bu yolda ona kömək edən elmlərdən bəlkə də ən birincisinin fəlsəfə olduğunu vurğulayıb. O, çağdaş dünyamızda fəlsəfənin əhəmiyyətinin durmadan artdığını qeyd edərək, fəlsəfə elminin inkişafı üçün gənc alimlərin tədqiqatlarının aktual problemlərə cəlb olunmasınınn zəruriliyindən danışıb.
Fəlsəfə üzrə fəlsəfə doktoru Rüxsarə Səmədova da əlamətdar gün münasibəti ilə həmkarlarını və tələbələrini təbrik edib. Fəlsəfənin tədrisinin vacibliyindən danışan R. Səmədova dəyirmi masada iştirak edən gənc alimlərə tədqiqatlarında uğurlar arzulayıb.
Fəlsəfə kafedrasının ən gənc saathesabı müəllimi Zeynəb Manafova fəlsəfə ixtisasının məzunu olduğunu, hazırda fəlsəfə fənnini tədris etməkdən çox böyük qürur və məmnunluq duyduğunu qeyd edib.
Fəlsəfə kafedrasının magistrantı Aysan Əliyeva fəlsəfənin əhəmiyyətini vurğulayaraq Beynəlxalq Fəlsəfə Gününün bütün dünyada qeyd edilməsinin səbəbini intellektual kəşfləri qeyd etmək və bu universal intizamı bir araya gətirmək məqsədi daşıdığını bildirib. O, qeyd edib ki, fəlsəfə insan təfəkkürünün köklərinə gedən, fundamental suallara cavab və müdriklik axtarışında olan bir səyahətdir. Bu sevgi bizi varlıq, bilik, dəyərlər, ağıl, dil kimi dərin məsələləri dərk etməyə aparır.
Fəlsəfə kafedrasının magistrantı İsmayıl Ələkbərov öz çıxışına ilk öncə dünyadan köçmüş filosof-müəllimlərini yad etməklə başlayaraq, onların bütün fəlsəfəsevərlər üçün böyük irs qoyub getdiklərini və bununla da ölməzlik qazandıqlarını vurğulayıb. Gənc tədqiqatçılara göstərilən diqqətə, qayğıya və mehribanlığa görə müəllimlərinə dərin təşəkkürünü bildirib.