MİLLİ MARAQLAR VƏ XARİCİ SİYASƏT
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatında Sosial elmlər və psixologiya fakültəsinin tələbələrinin iştirakı ilə “Milli maraqlar və xarici siyasət” mövzusunda tədbir keçirilib. Tədbirin qonaqları AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə və AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Füzuli Qurbanov olub. Tədbir iştirakçıları öncə Qarabağ müharibəsində həlak olmuş qəhrəmanlarımızın əziz xatirəsinə Yasamal rayonu ərazisində ucaldılmış abidə kompleksinin önünə gül dəstələri düzüblər. Sonra Yap Yasamal rayon təşkilatında Ümummilli Lider Heydər Əliyevin büstünün üzərinə gül dəstələri düzülüb, xatirəsini yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin tələbələrini salamlayaraq qeyd edib ki, Ümummili Lider Heydər Əliyevin dühası olan Milli maraqlar və xarici siyasət konsepsiyası müasir Azərbaycanın əsas siyasət konsepsiyasıdır. Bu konsepsiya hal-hazırda Cənab Prezident İlham Əliyev tərəfindən də uğurla və dinamik bir şəkildə davam etdirilir. B.Nəbiyev daha sonra bildirib ki, Azərbaycanın milli maraqları və xarici siyasətinin uğurla davam etdirilməsi 44 günlük Vətən müharibəsində torpaqlarımızın düşmən tapdağından azad olunması və doğma Qarabağımızda bərpa-quruculuq işlərinə start verilməsi ilə özünün yüksək nöqtəsinə çatıb.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə çıxışında Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Cənab Prezident İlham Əliyevin uğurla davam etdirdiyi milli maraqlar və xarici siyasət konsepsiyası özündə fəlsəfi əsasları ehtiva etdiyini bildirib. Onun sözlərinə görə, bu əsaslar bizim 44 günlük Vətən müharibəsində qələbəmizi şərtləndirib, qloballaşma fonunda milli maraqların və xarici siyasətin qorunması baxımından çox böyük əhəmiyyət kəsb edib.
Sonra çıxış edən AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Füzuli Qurbanov “Bir millət-iki dövlət” formulunun fəlsəfi-metodoloji yanaşmasından bəhs edib. Bu yanaşmada ümumfəlsəfi və elmi qənaətlərin işığında konkret olaraq Ulu Öndərin “Bir millət-iki dövlət” formuluna uyğun Azərbaycan-Türkiyə əlaqələrinə verdiyi töhfələr fəlsəfi təhlil edilib.
Daha sonra müzakirə formatında davam edən görüşdə gəncləri maraqlandıran suallar çıxışçılar tərəfindən cavablandırılıb. Tədbirin sonunda gənclərlə xatirə şəkli çəkilib.